Goranboyda oğurluq etməkdə şübhəli bilinən dəstə üzvləri saxlanılıb.

Bu barədə İqtisadiyyat.az-a Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin oktyabr ayında quldurluq etdiyinə görə saxlanılan Ümid Məmmədovun ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun digər bir cinayət əməli də aşkarlanıb.

Araşdırmalar zamanı məlum oub ki, Ü. Məmmədov 2019-cu ilin oktyabr ayında digər həmyerliləri İftixar Qurbanov və Vüsal İsgəndərli ilə cinayət əlaqəsinə girərək rayonun Qızılhacılı qəsəbə sakininin evinə qeyri-qanuni yolla daxil olaraq oradan içərisində 6450 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi və təhlükəsizilik kamerasının yaddaş qurğusunu oğurlayıb.

Dindirilmə zamanı şübhəli şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər, faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.