Xəbər  verdiyimiz kimi, Gənclər Fondu xaricdə təhsilin maliyyələşdirilməsi üzrə müsabiqə elan edib. Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnamə”sində gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili üçün maliyyələşdirilməsi fonda həvalə olunub. Bununla əlaqədar, mayın 24-dən etibarən Gənclər Fondu gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi üzrə müsabiqəyə start verir. Avropanın nüfuzlu ali təhsil müəssisələrində 74 ixtisas istiqaməti üzrə magistr pilləsinə qəbul olmuş gənclər fondun rəsmi internet səhifəsində qeydiyyatdan keçib, tələb olunan sənədləri onlayn qaydada təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.

Həmçinin ABŞ və Böyük Britaniyanın ilk ali təhsil müəssisələrinin beynəlxalq reytinqində ilk 100-lükdə yer alan universitetlərdə magistr pilləsi üzrə təqaüd qazanmış gənclər də nəqliyyat və yaşayış xərclərinin qarşılanması ilə bağlı Gənclər Fonduna müraciət edə bilərlər.

Müraciətçilər üçün prioritet ixtisasların siyahısı, seçim meyarları, müraciətin forma və şərtləri, tələb olunan sənədlər, Gənclər Fondu tərəfindən qarşılanacaq xərclər barədə məlumatlar fondun saytında yer alıb.

Qeyd edək ki, Azərbaycanda dövlət tərəfindən keçirilən sonuncu proqram  “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” oldu. Ondan sonra gənclərin xaricdə təhsili yalnız şəxsi mənbələr və xaricdən alınan təqaüdlər hesabına həyata keçirildi.

Gənclər Fondunun yenidən bu sahəyə diqqət ayırması ekspertlər tərəfindən də müsbət qiymətləndirilir.

“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Gənclər Fondu seçim kriteriyalarını müəyyənləşdirməli və ixtisasların siyahısını verməlidir: “Bundan başqa, magistratura pilləsinə hansı şərtlər daxilində  bakalavr pilləsini bitirmiş Azərbaycan vətəndaşları qəbul olurlar məsələsi aydınlaşdırılmalıdır. Əvvəlcə biz bilirdik ki, bakalavr  pilləsinə daxil olmaq üçün Dövlət İmtahan Mərkəzindəki keçid balı nəzərə alınırdı, xarici dil üzrə nüfuzlu proqramlardakı göstəricilər nəzərə alınırdı. Burada da Gənclər Fondu öz kriteriyalarını  müəyyənləşdirməlidir". 

Ekspert onu da vurğuladı ki,  seçimin ədalətli və obyektiv olması üçün QHT nümayəndələrinin də burada iştirakı çox vacibdir: “Əgər ölkə başçısı bu missiyanı Gənclər Fondunun üzərinə qoyubsa, onlar bunu qapalı keçirə bilməz. Bu, insan kapitalının inkişafına xidmət göstərən addımdır. Prosesin daha şəffaf və obyektiv aparılması üçün seçimdə ictimaiyyət nümayəndələrinin iştirakı vacibdir. Ölkə üçün əsasən təbiət elmləri, kənd təsərrüfatı istiqamətində, İKT sahəsində, dünyada çox geniş tədqiqatları özündə cəmləşdirən molekulyar biologiya, tətbiqi fizika istiqamətində magistraturaya tələbələrin göndərilməsi ölkə üçün çox vacibdir. İxtisas seçimi də çox mühüm rol oynayır, bu məsələdə rasional yanaşma vacibdir. Ölkədə elmi tədqiqatların aparılması və genişlənməsi üçün hansı ixtisaslar üzrə alim yetişdirməyin vacib olduğunu onlar elan etməlidirlər. Bundan sonra proses maksimum şəffaf keçirilməlidir. İndiki dövrdə bizim xaricdə elmi dərəcələr alıb bölgəyə qayıdan, elmi və ya pedaqoji fəaliyyətlə məşğul olan insanlara çox böyük ehtiyacımız var. Proses şəffaf keçirilərsə, bu işə olan tələbatın yerinə yetirilməsi üçün hər hansı irəliləyiş ola bilər”.

Xaricdə təhsil proqramlarının vacibliyini vurğulayan Etibar Əliyev bildirdi ki, bu sahədə Qazaxıstan təcrübəsi daha uğurludur və hazırda bu ölkə onun bəhrəsini yaşamaqdadır: “Qazaxıstanda 1992-ci ildən minlərlə gənc dünyanın müxtəlif ölkələrindəki universitetlərə bakalavr və magistr pilləsində təhsil almaq üçün göndərildi. Bu da öz nəticəsini verib, Qazaxıstanda hazırda reytinq cədvəllərində yer alan xeyli universitetlər meydana gəlib, orta təhsilin səviyyəsi yüksəlib. Elmi tədqiqatların əhatə dairəsi genişlənib. Bu xaricdəki təhsillə bağlıdır. Bizdə xarici ölkələrin tanınmış universitetlərinə tələbələrin göndərilməsi proqramını bərpa etmək lazımdır. Çünki bizim universitetlərin kadr hazırlığı indiki informasiya cəmiyyəti üçün yetərli deyil. Ona görə də bu proqramın bakalavr istiqamətində də davamı ölkə üçün mühüm əhəmiyyət kəsb edə bilər. Əgər biz qarşıya insan kapitalının inkişafını məqsəd kimi qoymuşuqsa,  mütləq dünyanın inkişaf etmiş ölkələrindəki universitetlərdə bakalavr və magistr pilləsində tələbələrin sayını artırmalıyıq. Əks təqdirdə, bu, söz olaraq qalacaq. Mən hesab edirəm ki, məzun olub gəlmiş kadrlar, elm sahəsində çalışan alimlər bizim ali məktəblərin gənclərindən əhəmiyyətli dərəcədə fərqlənirlər. Bunun bir əhəmiyyətli tərəfi də o ola bilər ki, ölkədə universitetləri bitirib elmlə məşğul olmaq istəyən şəxslər, xaricdə həmin istiqamətdə təhsil alan gənclərimizlə ünsiyyətdə ola bilərlər, bu da gələcəkdə tədqiqatların inkişafında öz sözünü deyə bilər”.