"Türkiyə tezliklə Qəzzada səhra xəstəxanası qurmağı planlaşdırır".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qahirədə səfərdə olan Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca məlumat verib.

"Ümid edirik ki, yaxın vaxtlarda Qəzzada səhra xəstəxanası quracağıq. Bu istiqamətdə hazırlıq işləri üç ölkənin (Türkiyə, Misir və İsrail - red.) Səhiyyə Nazirliyinin nümayəndələrindən ibarət koordinasiya komissiyası tərəfindən aparılıb", - məlumatda qeyd edilir.

O, həmçinin bildirib ki, Qəzza zolağından ilk 26 xərçəng xəstəsi və onu müşayiət edən 13 nəfərin çərşənbə günü axşam Türkiyəyə aparılması planlaşdırılır: "Ümid edirəm ki, bu gün onları Türkiyəyə göndərə biləcəyik".

Türkiyəli nazir əlavə edib ki, İsraillə Fələstin arasında silahlı münaqişə başlayandan bəri ilk dəfədir ki, xəstələr müalicə olunmaq üçün Qəzzadan Misir vasitəsilə üçüncü ölkəyə aparılır: "Biz İsrail Səhiyyə Nazirliyinin rəhbəri ilə sıx əlaqə saxlayırıq. Ümid edirik ki, müharibə tezliklə bitəcək. Türkiyə istənilən yardımı göstərməyə hazırdır".

Onun sözlərinə görə, Fələstin anklavında minə yaxın xərçəng xəstəsi var: "Xəstələri Türkiyəyə aparmağa ümid edirik. Lazım gələrsə, hamısını qəbul etməyə hazırıq".