Dünya neft bazarında müşahidə olunan proseslər nəyin nəticəsidir? Ekspertlər indiki dövr və bir qədər sonra üçün neftin qiymətində qısamüddətli bahalaşma olacağını proqnoz edirdilər. Buna da səbəb kimi İran və Venesuelaya qoyulan sanksiyalar və “OPEC+” ölkələrin gündəlik hasilatı azaltmaları göstərilirdi. Həmçinin Rusiya neftinin Avropaya nəql olunduğu “Drujba” kəmərində baş verən texnoloji qəza gündəlik 1.5 milyon barel neftin azalması deməkdir. Bütün bunlara rəğmən dünya bazarında neftin qiyməti nəinki artmır, hətta 60 dollara qədər düşüb. Rusiyanın baş nazirinin birinci müavini, maliyyə naziri Anton Siluanov isə Dumanın büdcə və vergi komitəsində çıxış edərkən neftin qiymətinin 40 dollardan aşağı, təxminən 30 dollara düşəcəyini bildirib. Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev İqtisadiyyat.Az-a açıqlama verərkən, baş verən proseslərin bir neçə səbəbini açıqlayıb:

“İlin əvvəlində bildirmişdim ki, neftin qiyməti 60-65 dollar arasında dəyişməlidir. Hər hansı süni artım cəhdi qiymətlərin kəskin ucuzlaşması ilə nəticələnir. 2014-cü ildən bəri bu hadisələr daim təkrar olur. OPEC və müttəfiq ölkələrin əsas vəzifəsi neft bazarında tarazlığı qorumaqdır. Bugünkü neft bazarında balans pozulub və ağırlıq mərkəzi itib. Ona görə də qiymətlərdə dalğalanmalar mövcuddur. OPEC-in monitorinq komitəsinin Ciddə toplantısında Vyana sazişinin iştirakçıları ciddi cəhdlə sübut etməyə çalışırdılar ki, bazarda kifayət qədər neft ehtiyatları mövcuddur. Bazar artıq balansın formalaşması ərəfəsindədir. Bazar əgər qlobal neft bazarı ilə düzgün tənzimlənirsə, qiymətlərdə kəskin enmələr müşahidə olunmamalı idi. Buna təsir edən bir neçə faktorlar var. Birincisi, neft sənayesi, hasilatı və ixracı ilə bağlı olan fundamental faktorlardır. İkincisi geosiyasi faktorlardır, çünki nefti siyasətdən ayırmaq mümkün deyil. Qlobal neft bazarında ən böyük problem ağır və yüngül neft balansının pozulmasıdır. Yəni, bazarda tələbatdan çox yüngül neft, daha az isə ağır neft ehtiyatları var. Bunların da səbəbi İran və Venesuela neftinin bazardan yığışdırılmasıdır. ABŞ-ın əsas emal gücləri xammalla yükləmələri bir neçə faiz aşağı salıblar. Bu texniki baxış yaxud təmirlə bağlı deyil. Birbaşa ağır və orta ağır neftə olan tələbatla bağlıdır. Anoloji faktor Avropa, Asiya, Sakit okean zonası ölkələr üçün də mövcuddur. Ona görə də dünya ölkələrinin emal gücləri yüngül neftə olan tələbatı aşağı salıblar”.

Zəfər Vəliyev, geosiyasi faktorlar danışarkən İran neftinin mühüm əhəmiyyət kəsb etdiyini və onsuz balansın tənzimlənməyəcəyini vurğulayıb: “ABŞ-la Çin arasında ticarət müharibəsinin genişlənməsi, ABŞ-ın yeni neft ehtiyatları üçün tarixi müharibəsinin başlanması qlobal iqtisadi artım tempinin qarşısını alır və ticari qaydaları pozur. Yəni, ticari axın xətləri daim dəyişir. Buna görə də neftə olan tələbat aşağı düşüb. “Drujba” neft kəmərində olan texnoloji qəza Avropanı gündəlik 1.5 milyon barel neftdən məhrum etdi. İrana və Venesuelaya qoyulan sanksiyalara da nəzər yetirsək əslində neftin qiyməti qalxmalıdır. Amma niyə qalxmır? Çünki balans pozulub. Əgər OPEC və müttəfiq ölkələr balansı bərpa etsələr, süni təsirlərin qarşısını alsalar qiymətlərdə sabitlik yaranar. İran və Venesuela nefti olmasa dalğalanmalar davam edəcək. ABŞ-ın şist neft inqilabını fakt gətirirlər. Ancaq ABŞ-ın şist neftinin dünya neft bazarına heç bir təsiri yoxdur və olmayacaq. Dünyanın heç bir ölkəsində həmin yüngül neftə tələbat yoxdur. Çünki həmin neftin sıxlığı heç bir zavodun konfiqurasiyasına uyğun deyil”.

Mehman Nəbiyev