"ABŞ və Ermənistan arasında iki ölkənin bir sıra müvafiq departamentlərinin yüksək vəzifəli şəxsləri səviyyəsində intensiv hökumətlərarası məsləhətləşmələr aparılıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Caliber" məlumat yayıb.

Məlumata görə, İrəvan və Vaşinqton arasındakı razılaşmaya əsasən, Rusiya Ermənistana təzyiq göstərsə və ya embarqo tətbiq etsə, ABŞ aşağıdakı sahələrdə güclü dəstək verəcək:

1. Ermənistanın dizel yanacağı və enerji ehtiyatları ilə təmin edilməsi.

2. Metsamor AES-in alternativ nüvə yanacağı ilə təmin edilməsi (hazırda buna Rosatom cavabdehdir - red.).

Birləşmiş Ştatlar həmçinin AES-in idarə edilməsi və istismarının təmin edilməsi üçün Ermənistana bütün lazımi texniki dəstəyi göstərməyə hazırdır.

3. Rusiya Federasiyasından buğda və buğda unu idxal edən Ermənistanın müvafiq alternativ təchizatla təmin edilməsi.

Xatırladaq ki, qeyri-qanuni rejimin buğda yetişdirdiyi Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra Ermənistan üçün ərzaq təhlükəsizliyi problemi xüsusilə kəskinləşib.

4. Lazım gələrsə, erməni internet provayderləri ABŞ peyk interneti ilə təmin olunacaqlar.

5. ABŞ Rusiyanın sərt sanksiya addımları nəticəsində Ermənistanda mümkün xarici valyuta kəsiri yaranarsa, onu ödəməyə hazırdır.

6. Ermənistan Silahlı Qüvvələri lazımi hərbi texnika, uniforma və silahlarla təmin olunacaq, Ermənistan təhlükəsizlik orqanları, o cümlədən polis lazımi texniki dəstək alacaq.