"Erməni diasporu və lobbisi sülh müqaviləsinin imzalanmasına mane olmaq istəyirlər".

Bunu İqtisadiyyat.az-a açıqlamasında Ermənistanın sülh müqaviləsini uzatması ilə bağlı məsələni şərh edən Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.

O vurğulayıb ki, Azərbaycan Qarabağda uğurlu addımlar həyata keçirib.

Politoloqun sözlərinə görə, Qarabağda gedən müsbət proseslər sülh müqaviləsinin bağlanması üçün imkanları getdikcə artırır:

"İkinci Qarabağ müharibəsi bitdikdən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqaməti üzrə ölkə başçısı İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bir sıra görüşlər keçirilib. Təbii ki, bu görüşlər müəyyən dövlətlərin dəstəyi ilə baş tutub. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə 6 görüş həyata keçirilib. Bundan başqa, sözügedən görüşlərə "Avropa Siyasi Birliyi"nin ötən il Praqada tarixdə ilk dəfə baş tutan Zirvə Toplantısını, bu il isə Moldovanın paytaxtı Kişinyovda 2-ci Zirvə toplantısını misal çəkmək olar. Bu toplantılarda Fransa prezidenti Emmanuel Makron da iştirak edib. Hətta ikinci görüşdə Almaniya kansleri Olaf Şolts da iştirak etmişdi". 

"Qısamüddətli anti-terror tədbirlərindən sonra artıq Azərbaycan üçün heç bir problem qalmayıb. Beynəlxalq aləmdə Ermənistanın daşı ətəyindən tökərək sülh müqaviləsini imzalaması ilə bağlı gözləntilər artıb. Bundan sonra iki ölkə arasındakı münasibət müsbətə doğru dəyişəcək. Sadəcə erməni diasporu və lobbisi sülh müqaviləsinin imzalanmasına mane olmaq istəyirlər. Bu qüvvələr Azərbaycanla Ermənistan arasında gərginliyin qorunub saxlanmasında maraqlıdırlar. Ermənistan bu məsələdə diplomatik cığallığını hələ də davam etdirir. Bütün hallarda indiki situasiyada sülh müqaviləsinin imzalanması ehtimalı daha yüksəkdir", - siyasi şərhçi əlavə edib.

Gülşən Şərif