"İndi Xocalıda kimlər var? Xocalının əsl sahibləri! Azərbaycan ordusu Xocalıya xaos, qan və ölüm üçün deyil, sülh və əmin-amanlıq gətirmək üçün girdi".

İqtisadiyyat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvan səfərindən qayıdan zaman jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Qardaşım, Azərbaycan Prezidenti cənab İlham Əliyevlə İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlini qoyduq. Cəmi 80 min 150 metrlik xəttin gündəlik 2 milyon kubmetr daşıma qabiliyyətinə çatmasını hədəfləyirik. Eyni zamanda, Naxçıvan Bərpa-istehsalat hərbi kompleksini də açdıq. Mövcud hadisələr müdafiə sənayesində yerli və milli imkanların vacibliyini bir daha göstərdi. İnanıram ki, bu kompleks Azərbaycanın və Naxçıvanın müdafiə qabiliyyətinə mühüm töhfə verəcək. Bizim Naxçıvana səfərimiz enerji, nəqliyyat və tikinti sahələrində imzalanmış üç sazişlə taclandı.

Cənab İlham Əliyevlə görüşümüz zamanı bir çox ikitərəfli və regional məsələləri müzakirə etmək imkanımız oldu. Biz Qarabağdakı son vəziyyəti müzakirə etdik və Azərbaycana güclü dəstəyimizi bir daha bəyan etdik. Azərbaycan ordusu terrorçulara qarşı barışmaz, dinc əhaliyə qarşı isə son dərəcə mərhəmətlidir. Mülki əhalinin ehtiyac duyduğu bütün ərzaq məhsulları yük maşınları ilə bölgəyə çatdırılır.

Antiterror əməliyyatı nəticəsində Azərbaycanın bütün Qarabağ üzərində suverenliyi möhkəmləndi. Daha da önəmlisi, 44 günlük Vətən Müharibəsindən sonra bölgədə daimi sülh və sabitliyin bərqərar olması üçün yeni imkan pəncərəsi açıldı. Ermənistandan prosesi uzatmaq əvəzinə güclü iradə nümayiş etdirməsini gözləyirik. Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, qonşuluq hüququna hörmət edilərsə, həlli mümkün olmayan heç bir problem görmürük. Azərbaycan-Ermənistan prosesində irəliləyişin əldə olunması həm də regional normallaşmaya böyük təkan verəcək. Biz Cənubi Qafqazda sabitliyin, sülhün və rifahın bərqərar olması üçün Azərbaycanla işləməyə davam edəcəyik. Ümidvaram ki, səfərimiz təkcə ikitərəfli münasibətlərimiz üçün deyil, bütün regionumuz üçün faydalı olacaqdır", - deyə Ərdoğan vurğulayıb.

 

Gözəl Həşimova