Müharibə və hərbi xidmətlə bağlı əlilliyi olan daha 70 nəfərə avtomobillər təqdim edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Birinci Qarabağ müharibəsi əlillərinə və hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən olunan şəxslərə daha 70 avtomobil verilib.

Avtomobillərin sənədlərini əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev təqdim edib. Tədbirdə həssas əhali qruplarından olan şəxslərlə bağlı davamlı olaraq mühüm sosial proqramlar icra olunduğu bildirilib.

Qeyd edilib ki, dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı Nazirlik tərəfindən icra olunan sosial dəstək paketi çərçivəsində mənzil və fərdi evlə təminat proqramı 5 dəfə genişlənib.

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2023-cü ildə 1500, postmüharibə dövründə 6000, ümumilikdə ötən dövrdə 14800 mənzil və fərdi ev verilib.