Ədliyyə Nazirliyi qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edib.

Bu barədə İqtisadiyyat.az-a nazirlikdən bildirilib.

Müsabiqədə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

Ədliyyə Nazirliyinin müxtəlif struktur qurumlarında olan vakant vəzifələri əhatə edən bu müsabiqədə iştirak üçün ərizələrin qəbulu 2024-cü il sentyabr ayının 18-dən oktyabr ayının 18-i saat 18:00-dək aparılacaq.

Namizədlər ərizələrini Nazirliyin rəsmi saytında (www.justice.gov.az) "Qulluğa qəbul" bölməsində "Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elektron müraciət" adlı hissəyə və ya "http://e-erize.justice.gov.az:8080/" linkinə daxil olmaqla təqdim edə bilərlər.

Qeyd edək ki, müsabiqə üzrə test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar hər bir namizəd imtahana buraxılış vərəqəsini bu barədə elan verildikdən sonra Mərkəzin rəsmi saytında (www.dim.gov.az) qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etməlidir.

İmtahandan uğur qazanmış namizədlərin digər zəruri sənədləri bu mərhələdən sonra toplanılaraq yoxlanılacaq və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə – söhbətə buraxılacaqlar.

Test imtahanının vaxtı və yeri, o cümlədən buraxılış vərəqələrinin təqdim olunması barədə namizədlərə məlumat veriləcək.

Əlavə məlumat əldə etmək üçün (012) 538-01-62, 538-08-85 nömrəli telefonlarla əlaqə saxlamaq olar.