"Avromed Company" QSC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, əczaçılıq fəaliyyəti göstərən "Avromed Company" QSC 2002-ci ildə yaradılıb. 2003–2010-cu illərdə "Avromed"ə deputat Cavanşir Feyziyev rəhbərlik edib. Buna baxmayaraq, mediada gedən məlumatlara görə, şirkətin sahibi hələ də Cavanşir Feyziyevdir.