Ermənilər (diaspora) Amerika və Avropanın müxtəlif ölkələrində nə qədər tez-tez etiraz aksiyası keçirirsə, biz bir o qədər çox imkanlar əldə edirik. 

Məsələ burasındadır ki, ötən 30 il ərzində haqlı olmağımıza baxmayaraq, dünya bizi az eşidib az görürdü. Bizim əsas problemimiz həmişə erməni diasporunun güclü olduğu ölkələrin ictimaiyyətinə birbaşa və açıq çıxışımızın olmaması olub.

Bu çox vacibdir. Haqqın və həqiqətin ictimailəşməyə çox böyük ehtiyacı var. Məhdud dairələrdə hamı həmişə bilirdi ki, haqlı olan bizik, ermənilər yox. Amma siyasətçilər üçün ictimai rəyə qarşı çıxmaq çox çətindir. Seçicilərə səhv etdiklərini söyləsəz, seçkidə uduzacaqsınız. Mən özüm də tez-tez şahidi olmuşam ki, Qərb siyasətçiləri şəxsi söhbətlərdə bizim haqlı olduğumuzu etiraf ediblər, amma ictimai çıxışlarda ermənilərin tərəfini tutublar. Burada ikiüzlülük əlamətləri var, amma həlledici olan bu deyil. Demokratiyanın mexanizmi belədir - hətta yanlış olsa belə, ictimai rəyin dəstəyi olmadan siyasi səhnədə qalmaq mümkünsüzdür. 

Biz həmişə ermənilərə məhz ictimai rəy yaratmaq məsələsində uduzmuşuq. Bizim ictimai rəy formalaşdıran vasitələrə çıxışımız demək olar ki olmayıb. Ermənilər isə lobbi qrupları vasitəsilə fəaliyyət göstərərək Qərb siyasətçilərini uğurla ələ alıb şantaj edirdilər. Onlardan Qarabağ münaqişəsi ilə bağlı həqiqəti söyləməyə cəsarət edənlər mətbuatda və sosial şəbəkələrdə ermənilər tərəfindən linç edilirdi.

İndi ermənilər özləri bizim üçün təbliğat imkanı yaradırlar. Hələlik texniki olaraq elə görünür ki, onlar bizdən irəlidədirlər. Lakin tempdə xeyli uduzurlar. Əvvəllər ermənilərin fəal olduğu ölkələrin ictimaiyyəti Qarabağ münaqişəsi ilə bağlı çox az məlumatlı idi. Amma indi onlar bu mövzu ilə ətraflı maraqlanmağa başlayır. Əgər indiyə qədər erməni təbliğatı öz işini görürdüsə, indi onların bu cür etiraz fəaliyyəti artıq bizim əlimizə oynayır. Ermənilər küçələrə çıxır, yolları bağlayır, gecələr hay-küy salır, siyasətçilərin evlərini bloklayır, səfirliklərimizə, konsulluqlarımıza hücum edir və s. İş o yerə çatıb ki, müxtəlif şəhərlərdə polis artıq onların aksiyalarını dağıtmağa başlayıb.

Onların bu cür etirazlarından narazılıq artan xətlə inkişaf edəcək. Biz isə anı düzgün seçməliyik. Bəhanə gətirmək yox, faktları əsaslandırmaq və təqdim etmək lazımdır. Bunu isə emosiyasız, metodik şəkildə və tələsmədən etməliyik. Ermənilər özləri prosesi sürətləndirəcəklər. Necə deyərlər, düşmən səhv edəndə ona mane olmaq olmaz.