Hər il 8,7 milyon insan tütün istifadəsi səbəbindən dünyasını dəyişir.

İqtisadiyyat.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) açıqlayıb.

ÜST-nin qlobal tütün epidemiyası ilə bağlı 9-cu hesabatı dərc olunub.

"Tütün hər il 8 milyondan çox insanı öldürür. Bunlara siqaret tüstüsünə passiv məruz qalan 1,3 milyon siqaret çəkməyən insan da daxildir", - deyə hesabatda qeyd edilib. 

Açıqlamada bildirilir ki, dünyada 1,3 milyard tütün istifadəçisinin təxminən 80%-i orta və aşağı gəlirli ölkələrdə yaşayır.

Açıqlamada, son 15 ildə ÜST-nin Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyası çərçivəsində tətbiq etdiyi tütünlə mübarizə strategiyası (MPOWER) sayəsində tütündən istifadədə azalma olduğu bildirilib.

Hesabatda 44 ölkənin MPOWER tədbirlərini həyata keçirmədiyi və tütün sağlamlığı baxımından qorunmadığı, 53 ölkənin səhiyyə müəssisələrində siqaret qadağasının tam tətbiq edilmədiyi vurğulanıb.

Həmçinin qeyd olunub ki, ÜST-ə üzv dövlətlər 2003-cü ildə Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasını qəbul ediblər və hazırda 182 ölkə bu sazişin iştirakçısıdır.