Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 2019-cu ildə 200 mln. manat (5,1%) artırılıb. Artırılan məbləğ nəticəsində fondun dövlət büdcəsindən asılılığının səviyyəsi 38,3%-dən 32,8%-ə qədər azalması gözlənilir ki, bu da onun maliyyə dayanıqlılığının təmin edilməsində xüsusi əhəmiyyət kəsb edir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Onun sözlərinə görə, dövlət başçısı tərəfindən əməkhaqlarının ayrı-ayrı sahələr üzrə 20-40% artımı ümumilikdə 18,7%-lik məcburi dövlət sosial sığorta haqları üzrə artım üçün əsas mənbə hesab ediləcək:

“2019-cu ilin dövlət büdcəsi büdcə qaydaları əsasında tərtib olunur. Burada büdcənin yuxarı həddi müəyyən olunub.

Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin 200 mln. artması onun yuxarı həddində həyata keçirilir. 2019-cu ilin büdcəsi qəbul olunarkən 3 faizlik yuxarı hədd qoyulsa da tam həcmdə yox, 2,7-2,8 faiz həcmində idi. 200 milyon manat vəsaitin artması büdcə qaydalarının pozulmasına gətirib çıxarmayıb. Dövlət Sosial Müdafiə Fondunun büdcəsində 150 milyon manat azaldılıb, büdcənin özündə də bu məbləğ artırılır və hüquq-mühafizə orqanlarının xərclərinə yönəldilir. Dövlət Sosial Müdafiə Fondunda artım əməkhaqlarının gəlirlərinin artmasından ibarət olur”.