Oğlanlar ailəni gələcəkdə maddi cəhətdən təmin etdiklərinə görə onların ali təhsil alması daha vacibdir, qızlar isə ev işləri və ailə həyatı ilə məşğul olmalıdır” kimi cəmiyyətdə hələ də yaşamaqda olan köhnəlmiş, partiarxal təsəvvür və stereotipləri aradan götürmək lazımdır. Çünki məhz belə baxışlara görə valideynlər, ilk növbədə, öz oğullarının təhsili və hazırlığı üçün xərc çəkməyə üstünlük verirlər”.

APA-nın xəbərinə görə, bu fikirlər Dövlət İmtahan Mərkəzinin (DİM) qəbul və buraxılış imtahanlarının nəticələrinin gender aspektləri təhlilində yer alıb.

Təhlildə ölkədə gender bərabərliyinə nail olmaq sahəsində vəziyyətin yaxşılaşdırılması üçün bir sıra tövsiyələr irəli sürülüb. Bildirilib ki, qadınların ali təhsil almasına mane olan müxtəlif sosial, mədəni-məişət xarakterli maneələr aradan qaldırılmalı, qızların təhsildən uzaqlaşmasına səbəb olan meyllərin qarşısının alınması məqsədilə valideynlər arasında intensiv maarifləndirmə işləri aparılmalı, informasiya-kommunikasiya texnologiyaları qadınlar üçün maksimum dərəcədə əlçatan olmalıdır: "Büdcədən təhsilə yönələn vəsaitləri daha da artırmaq lazımdır ki, bu da potensial imkanları olan bütün hazırlıqlı qızların ali təhsil almasını stimullaşdırsın. Digər tərəfdən, təhsil ilə əmək bazarı arasında mövcud uyğunsuzluqları aradan qaldırmaq, tədris proqramlarının bazar iqtisadiyyatının yeni tələbləri ilə uzlaşdırmaq məqsədilə onlarda lazımi dəyişikliklər etmək lazımdır”.