Son iki gün ərzində sosial şəbəkə platformalarında, xüsusilə Tiktokda Azərbaycan hərbçilərinin və mülki geyimli gənclərin avtonəqliyyat vasitələri ilə hərəkətini əks etdirən görüntülər paylaşılmaqdadır.

İqtisadiyyat.az xəbər verir ki, bu videoların bəziləri yeni çəkilsə də, əksəriyyətinin öncəki illərdə çəkilmiş olması hər kəsə məlumdur. 

Bu gün Müdafiə Nazirliyi də təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin növbəti təlim toplanışının keçirildiyi barədə ictimaiyyətə məlumat verdi.

Sosial şəbəkə platformalarında yayılan belə görüntülər həm ictimaiyyətdə çaşqınlıq yaradır, həm də erməni sosial media səhifələrində əleyhimizə təbliğat vasitəsi kimi istifadə edilir. 

Mövzu ilə bağlı millət vəkili, Milli Məclisin Gənclər və İdman komitəsinin üzvü Vüqar İskəndərov İqtisadiyyat.az-a açıqlamasında belə videoların yalnız düşmənin maraqlarına uyğun olduğunu bildirib: 

"Son zamanlar sosial şəbəkə platformalarında əsasən də gənclər tərəfindən Azərbaycan ordusunun keçirdiyi təlimlər, bölmələrin yerdəyişməsi barədə videolar yayılır.

Biz anlamalıyıq ki, buna tək biz yox, düşmən tərəf də baxır. Ona görə də xüsusilə gənclər bu mövzuda diqqətli olmalıdırlar.

Belə videoların yayılması yalnız əleyhimizə işləyir. Çünki erməni teleqram kanallarında bu cür videolar guya Azərbaycanın hansısa bir hücuma hazırlığı, hansısa ərazini ələ keçirmək planı kimi şərh edilir. Bu cür videolar dezinformasiyalara səbəb olur. İstəmədən, bilmədən mənbəni biz özümüz onlara vermiş oluruq".

Deputat bir daha bütün gəncləri məsuliyyətli və diqqətli olmağa çağırıb: 

"Azərbaycan ordusunun hər hansısa bir əməliyyat keçirmək barədə qərarını ali baş komandan verir və bu barədə öncədən məlumat verilmir. Azərbaycan Silahlı Qüvvələri lazım olan anda istənilən döyüşə hazırdır.

Biz bu məsələdə daha diqqətli olmalıyıq. Ola bilsin ki, bu cür videoları yayanlar bunu xoş niyyətlə edir, amma bədxahlar bundan öz çirkin niyyətlərini həyata keçirmək üçün əleyhimizə istifadə edir. Belə görüntüləri çəkmək və yaymaq qanunvericiliklə qadağandır. Bundan başqa hərbçilərimizin həyatına təhlükə də yarada bilər. Gəncləri bir daha bu mövzuda məsuliyyətli davranmağa çağırırıq".