"Ermənistanın baş naziri Nikol Paşinyanı çox çətin proseslər gözləyir".

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev İqtisadiyyat.az-a açıqlamasında deyib.

Ermənistan parlamentinin Roma Statutunu qeyd-şərtsiz ratifikasiya etməsinin Rusiya ilə rəsmi İrəvanın münasibətlərinə mümkün təsirlərini şərh edən deputatın sözlərinə görə, Vladimir Putin Ermənistanın bu addımına ən ağır şəkildə cavab verəcək:

"Son dövrlər Ermənistanın Rusiya ilə münasibətlərini gərginləşdirdiyi açıq şəkildə müşahidə olunur. Əvvəllər Ermənistanın siyasi rəhbərliyi Rusiya ilə soyuq münasibətlərə meyilli deyildi. Lakin mövcud vəziyyətdə Ermənistan rəsmilərinin açıqlamaları göstərir ki, rəsmi İrəvan Rusiya ilə münasibətləri qorxmadan soyudur. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlükdən çıxmaq üçün yollar axtarır, o cümlədən rus hərbi bazasının ölkədən çıxarılmasını təmin etmək istəyir. Bir sözlə, Ermənistan üzünü birbaşa Qərbə yönləndirib. Ermənistanın Roma Statutunu qeyd-şərtsiz ratifikasiya etməsi iki ölkə arasındakı münasibətləri daha da gərginləşdirəcək. Rusiya Paşinyan hökumətinin atdığı addımları bağışlamayacaq və ilk fürsətdə bu addımın hesabını tələb edəcək". 

nagif_hamzayev_130519.jpg

Ermənistan uğrunda Rusiya ilə Qərbin savaşına da toxunan Naqif Həmzəyev hesab edir ki, bu mübarizə hələ bir müddət davam edəcək:

"Ermənistanın Rusiya təsirindən asanlıqla çıxması mümkün görünmür. Çünki Rusiyanın Ermənistanda təsir gücü olduqca çoxdur. Əslində Paşinyanın atdığı indiki addımlar öz vəzifəsini qoruyub saxlamağa hesablanıb. Bundan başqa, Paşinyanın hakimiyyətə gəlməsində birbaşa iştirakı olmuş Qərb qüvvələri baş nazirdən real addımlar atmasını tələb edirlər. Yəni Rusiya təsirindən çıxmaq üçün Paşinyanın sadəcə sözdə deyil, əməldə də bunu göstərməsini istəyirlər. Bütün hallarda Paşinyanın Rusiyaya açıq meydan oxuması Ermənistan üçün ciddi təhlükələrə yol aça bilər".

Qeyd edək ki, Ermənistan parlamenti Roma Statutunu qeyd-şərtsiz ratifikasiya edib. Amma sənəd yekunda Ermənistan prezidenti təsdiqlənməlidir. Əgər sənəd təsdiqlənərsə, Rusiya Prezidenti Vladimir Putin Ermənistana gedəcəyi təqdirdə həbs olunmalıdır.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi isə Ermənistanın Roma Statutunu ratifikasiya etməsinin ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacağını bəyan edib.

Gülşən Şərif