Ötən gün Ermənistan parlamentinin Roma Statusunu qəbul etməsi region ölkələrinin diqqətini çəkən hadisələrdən biri olub. Belə ki, daim Rusiyanın dəstəyi ilə ayaqda duran Ermənistanın bu addımı bir çox hallarda xəyanət hesab edilib, buna görə də hər iki ölkənin münasibətlərindəki gərginliyin də pik həddə çatacağı ehtimal olunub. Kreml isə Ermənistan parlamentinin Roma Statutunu ratifikasiya etməsi ilə bağlı qərarı yanlış addım adlandırıb.

Milli Məclisin deputatı Müşfiq Cəfərov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Ermənistanın öz qədim müttəffiqi olan Rusiyadan üz döndərməsi və onun əleyhinə olan Roma Statutunu ratifikasiya etməsi erməni hakimiyyətinin əsl üzünü ortaya qoyur.

Deputatın sözlərinə görə, bu gedişat Ermənistan dövlətinin rəsmi şəkildə ömür boyu arxalandığı Rusiyadan imtina etdiyini göstərir: "Lakin Ermənistan elə bugünkü dövlət kimi varlığına görə məhz köhnə müttəffiqinə borcludur. Heç kimə sirr deyil ki, ermənilər Qafqaza köçürülmə siyasətləri nəticəsində gətirilib. Onlar əvvəl yaşadıqları bölgələrdə problem kimi göründüyündən Cənubi Qafqaza köçürüldülər. Ermənistanda mövcud olan bütün hakimiyyətlər hər zaman başqa güclərin vassalı olmaqla yanaşı, öz istəklərinin də daim həyata keçirilməsini gözləyiblər. Bu gün Ermənistanın gözləntisini heç bir vassalı olduğu dövlət həyata keçirmədi. Çünki Ermənistan hakimiyyəti düşünürdü ki, onlar hər zaman beynəlxalq hüququ pozacaq və buna qarşı çıxan olmayacaq. Lakin onların unutduğu amil Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu və artan iqtisadi əlaqələri idi".

"Ermənistan bir daha nümayiş etdirir ki, heç bir halda onun dostluq və müttəfiqliyinə etibar etmək olmaz. Azərbaycanın isə imzası beynəlxalq aləmdə böyük etimad və etibar doğurur. Çünki bizim dövlətimiz hər zaman beynəlxalq hüquqa hörmətlə yanaşıb, tərəfdar çıxdığı bütün müqavilələrə sadiq qalıb. Bundan sonra Cənubi Qafqazda meyarlar dəyişəcək. Ermənistan hakimiyyəti yeni vassal axtarışına çıxmaqdansa haqq yolunu tutub, işğalçı olduqlarını qəbul edərək regional sülhə töhfə verməlidir".

Gülşən Şərif