“Qarabağ bölgəsi intensiv bərpa edilir və yaxın zamanlarda həmin ərazilərimiz dünyanın ən gözəl inkişaf etmiş turist məkanlarından birinə çevriləcək”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

O bildirib ki, Azərbaycan son 300 illik tarixində özünün ən şərəfli zəfər tarixini yaşamaqdadır: “Artıq biz istər 44 günlük müharibədən, istərsə də keçən il sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərindən sonra suverenliyimizin tam bərpa olunduğu yeni bir Azərbaycanda yaşayırıq. Biz bu şərəfli tarixi missiyanın öhdəsindən uğurla gəldik. Cənab Prezident, Ali Baş Komandanımız belə bir şərəfli tarixi missiyada ölkəmizə və ordumuza rəhbərlik etdi. Azərbaycanın torpaqlarında uzun illər sürən işğala son qoyduq. Çox önəmli bir geosiyası reallıq yaratdıq və bunu bütün dünyaya qəbul etdirdik”.

Milli Məclisin deputatı azad olunmuş ərazilərə böyük qayıdışdan da danışıb: “Torpaqlarımız, şəhərlərimiz və qəsəbələrimiz 30 il ərzində darmadağın edilmişdi. Amma indi bərpa olunur, Böyük Qayıdış proqramı uğurla həyata keçirilir. Mərhələli şəkildə Azərbaycanın həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi rayonlarına insanlarımız qayıdır. Dünya ictimaiyyətinin Azərbaycanın yaratdığı bu reallığı qəbul etməsinin arxasında güclü ordu, güclü sərkərdə, eləcə də Azərbaycan xalqının və hakimiyyətinin vahidliyi dayanır. Xankəndini təmsil edən millət vəkili kimi çox xoşbəxtəm ki, məhz belə bir tarixi zəfərimizə şəxsən şahidlik etdim, biz bu tarixi zəfəri birlikdə yaşadıq”. 

T.Gəncəliyev vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurun çox gözəl iqtisadi və turizm potensialı mövcuddur: “Üstəgəl, bunların üzərinə insan kapitalını da əlavə etsək, həm intellektual, həm vətənpərvər, həm savaşa hazır olan, həm də öz torpaqları uğrunda ölməyə və öldürməyə hazır olan bir xalq kimi tarixə düşdük. Təbii, bunu həzm edə bilməyən qüvvələr var. Son günlər bizə qarşı aparılan iftira, böhtan kompaniyaları, ABŞ-nin, Avropa İttifaqının, Avropa Şurası, Avropa Parlamentinin bu istiqamətdəki destruktiv fəaliyyətləri bizim qələbəmizi həzm edə bilmədiklərinə dəlalət edir. Ancaq bu bizim üçün az əhəmiyyət daşıyır. Biz öz missiyamızı yerinə yetirmişik və bundan sonra da öz xəttimiz, strategiyamız və planlarımız üzrə davam edəcəyik”.

 

Sadiq Cavadov