Çin və Gürcüstan dərc etdikləri birgə bəyanatla əlaqələri "strateji tərəfdaşlıq" səviyyəsinə yüksəltdiklərini açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, 31-ci FISU Ümumdünya Universitet Yay Oyunlarının açılış mərasimində iştirak etmək üçün Çinə səfər edən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Çin Xalq Respublikasının sədri Si Tsinpin ilə görüşüb.

Görüş zamanı tərəflər beynəlxalq və regional məsələləri müzakirə edib, ikitərəfli münasibətlərin strateji tərəfdaşlığa yüksəldilməsi barədə qərar qəbul ediblər.

Açıqlanan birgə bəyanatda tərəflər suverenlik, müstəqillik və ərazi bütövlüyünə qarşılıqlı hörmət etdiklərini bir daha təsdiqləyiblər. Eyni zamanda, Gürcüstanın “vahid Çin” prinsipinə “ciddi əməl etdiyini” vurğulanıb.

Tərəflər ümumi inkişaf və rifaha nail olmaq üçün idarəetmə təcrübələrini bölüşməyə hazır olduqlarını bildiriblər.

Bəyanatda Çin və Gürcüstanın qanunvericilik orqanları arasında müxtəlif sahələrdə və səviyyələrdə informasiya mübadiləsinin və əməkdaşlığın artırılması, müvafiq regional və beynəlxalq təşkilatlarda qarşılıqlı əlaqə və məsləhətləşmələr aparıldığı vurğulanıb.