Çin prezidenti Si Cinpin hər zaman Pakistanın yanında olacaqlarını bəyan edib.

İqtisadiyyat.az xarici mediaya istinadən bildirir ki, paytaxt İslamabadda Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) 10-cu ildönümü çərçivəsində baş nazir Şahbaz Şərif və Çin baş nazirinin müavini Hi Lifinqin iştirakı ilə tədbir keçirilib.

Çin Xalq Respublikasının sədri Si təbrik mesajında ​​ikitərəfli əlaqələrin genişlənməyə və dərinləşməyə davam edəcəyini bildirib.

O qeyd edib ki, CPEC Pakistanın iqtisadi və sosial inkişafına təkan verməklə yanaşı, regional əlaqə və inteqrasiya üçün də əlverişli zəmin yaradıb. 

Qeyd edık ki, Çinin şimal-qərbində yerləşən Sincan-Uyğur Muxtar Rayonunu, Pakistanı şimal-şərq-cənub-qərb istiqamətində Qvadar və Kəraçi limanları ilə Ərəbistan dənizinə birləşdirməyi hədəfləyən “Çin-Pakistan İqtisadi Dəhlizi” layihəsi Pekin qurşağının mərkəzindədir. Layihə çərçivəsində magistral yol layihələri, elektrik stansiyaları, liman və azad zona tikintiləri həyata keçirilir. Layihələr Pakistanı Çin istehsalı olan məhsulların dünyaya çatdırılması üçün əsas logistik bazaya çevirmək məqsədi daşıyır. 

Gülşən Şərif

İqtisadiyyat.az