Çimərlik voleybolu üzrə ilk dəfə keçirilən Avropa Kubokunda (Beach Volley European Cup) mübarizə aparan Azərbaycanın “Murov Az Terminal” komandası daha bir uğura imza atıb.

İqtisadiyyat.az xəbər verir ki, yarışın finalına yüksələn Azərbaycan təmsilçisi yarışı qələbə ilə sona çatdırıb.

“Murov Az Terminal” komandası qitə çempionluğu uğrunda bu gün ev sahibi Türkiyənin “TVF Spor Lisesi SK Ankara” klubu ilə üz-üzə gəlib.

Komandalar arasında keçirilən iki oyundan birində ev sahibləri, ikincisində isə "Murov Az Terminal" qələbə qazanıb. Yarışın qalibi isə qızıl setdə müəyyənləşib.

Azərbaycan təmsilçisi həlledici qarşılaşmada 15:10 hesabı ilə qələbə qazanaraq Kuboka sahib olub.

Beləliklə, təmsilçimiz çimərlik voleybolu tarixində ilk dəfə keçirilən Avropa Kubokunu (Beach Volley European Cup) qazanıb. 

Qeyd edək ki, MUROV AZ TERMİNAL çimərlik voleybolunda Azərbaycana CEV-in təşkilatçılığı ilə keçirilən yarışlarda ilk qızıl medalı qazandırıb.

Kuboka sahib olan Azərbaycan komandasının heyətində Oleq Stoyanovskiy, İlya Leşukov, Vadim Kutukov, Vüqar Bayramov, Ülvi Rəcəbli, Heydər Məmmədli yer alıb. 
MUROV AZ TERMİNAL-ın baş məşqçisi isə İqor Olefirdir.

Xatırladaq ki, Türkiyənin Balıkesir şəhərində təşkil olunan yarışda MUROV AZ TERMİNAL klubu Beach Volley Training BEINASCO (ITA), ABC WÖRTHERSEE (AUT), Beachbol La Malva VALENCIA (ESP), Kartal Anadolu Spor Kulübü ISTANBUL (TUR) komandaları ilə A qrupunda mübarizə aparıb. Qrup oyunlarının nəticələrinə görə aktivində 13 xalı olan MUROV AZ TERMİNAL klubu qrup mərhələsini ikinci pillədə başa vuraraq 1/4 finala yüksəlib. 

MUROV AZ TERMİNAL 1/4 final mərhələsində Macarıstanın SRSE BUDAPEST klubu ilə qarşılaşıb. Komandalar arasında keçirilən iki oyundan birində rəqib, ikincidə isə MUROV AZ TERMİNAL qalib gəlib. Ardınca qalibi müəyyən etmək üçün qızıl set oynanılıb. Qızıl setdə 15:8 hesabı ilə qalib gələn komandamız Avropa Kubokunda yarımfinala yüksəlib.

Yarımfinal mərhələsində isə Azərbaycan təmsilçisi Fransanın MONTPELLİER klubuna qızıl setdə 15:10 hesabı ilə qalib gələrək Avropa Kubokunda finala yüksəlib.