Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz ötürmək üçün görülən işlərin yekunlaşmasına lap az qalıb. Bu ay artıq test üçün ilk qaz ötürülməsi həyata keçiriləcək. Azərbaycanın start verdiyi böyük layihə əsasında Türkmənistan, İran və İsrail də Avropaya təbii qaz satışına qoşulmaq istəyir. Belə geniş bir satıcı və alıcısı olan layihənin ölkəmizə nə kimi faydaları olacaq sualı ətrafında iqtisadçı ekspert Məhəmməd Talıblı İqtisadiyyat.az-a açıqlama verib. Ekspert bildirib ki, Cənub Qaz Dəhlizi mühüm layihədir və ondan gələn gəlirlərin vacib məsələlərə yönləndirilməsi daha önəmlidir.

“Ümumiyyətlə bir şeyi mütləq mənada nəzərə almalıyıq ki, heç zaman qazdan əldə olunacaq gəlirlər neftdən əldə olunan gəlirlə müqayisəyə gələ bilməz. Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına istiqamələnən qaz ixracatının həcmi böyük deyil. İlk mərhələdə olacaq 16 milyard kubmetr qazın 6 milyard kubmetri Türkiyə üçün, 10 milyard kubmetri isə Avropa üçün nəzərdə tutulur. Bu İsrail də daxil olmaqla Avropa bazarı üçün heç də yüksək rəqəm deyil. Avropanın illik qaz istehlakı 560 milyard kubmetrdən artıqdır. 10 milyard həcmində qazın bu bazar üçün hansı səviyyədə tələbatı təmin etməsi simvolik həddədir. Biz hətta 5-8 ildən sonra 25 milyard kubmetr olanda belə yenə də bu heç nəyi dəyişməyəcək.

Ona görə də biz qaz gəlirlərindən daha çox vəsait qazanmaqla bağlı illuziyaları bir kənara qoyub, neftdən əldə olunan gəlirlərin daha səmərəli ideraəetməsi mexanimzləri və onun rasional istifadəsini nəzərdə tutmalıyıq.

BTC neftin dünya bazarına çıxışını təmin edən layihə olduğu üçün, CQBK və Cənub Qaz Dəhlizi də qazın ixrac xəttini özündə ehtiva edən layihədir. Böyük investisiya xərci və qlobal bazara qovuşduran mühüm layihədir. Lakin, əsas məsələ həmin marşrutdan əldə olunan gəlirləri daha səmərəli, şəffaf və hesabatlıq xərclənməsidir. Əgər bu layihədən də əldə olunan vəsaitlər neftdən gələn gəlirlər kimi istifadə olunacaqsa, o zaman onun uğurlarından böyük həvəslə danışmağa dəyməz”.

 

Mehman Nəbiyev