Azərbaycanda orta statistik ailənin, övladına ali təhsil verməyə maddi durumu yetirmi? Bu sualın cavabını “Güzəran” Sosial Araşdırmalar Mərkəzinin sədri, iqtisadçı ekspert Qadir İbrahimli təhlil edib. Ekspert təhlilində rəsmi statistikanı qeyd edərək bildirib ki, ölkədə muzdlu işçilərin 15%-nin əməkhaqqı orta aylıq əməkhaqqından yüksək, 85%-nin əməkhaqqı isə aşağıdır. İqtisadçı həmçinin Təhsil nazirinin müavini İdris İsayevin açıqlamasını vurğulayaraq, 225 min tələbə və onun da 158 mininin ödənişli əsaslarla təhsil aldığını bildirib. Qadir İbrahimli öz təhlilində orta statistik azərbaycanlı ailəsinin dolanması üçün tələb olunan və nəzərdə tutulan məbləğin- əmək qabiliyyətli əhali üçün 191 manat, uşaqlar üçün isə 160 manat olduğunu ifadə edərək, bu göstəricidə 4 nəfərlik bir ailənin övladının ali təhsil almasını qeyri-mümkün hesab edib.

Ekspert onu da bildirib ki, bu tipli ailələr cəmi ailələrin 85%-i təşkil edir ki, bu da kasıb əhalinin uşaqlarının ali təhsildən kənar qalması deməkdir. İqtisadçının sözlərinə görə, hər il ödənişi ödəmək imkanı olmayan yüzlərlə tələbə qeydiyyatdan keçə bilmir və həyatda ilk böyük zədəsini alır. Bu zədə isə ömrü boyu onu təqib edir və yaxşı vətəndaşa çevrilə bilmir. Hətta buna görə intihar faktları da var.

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov İqtisadiyyat.Az-a verdiyi açıqlamada bildirib ki, ölkə prezidentinin imzaladığı sərəncamlardan sonra universitetlərdə ödənişsiz plan yerlərinin sayı çoxalıb.

“İlk növbədə qeyd edim ki, hazırda Azərbaycanın 54 ali təhsil müəssisəsində 164 min tələbə təhsil alır. Bəli, onların arasında ödənişli əsaslarla təhsil alanların sayı kifayət qədər çoxdur. Yəni, 30% ödənişsiz təhsil alsa da, 70% ödənişli əsaslarla təhsil alır. Bilirsiniz ki, ölkənin ali təhsil müəssisələrində ortalama təhsil haqqları 2500-3000 manatdan çoxdur. Amma biz onu deyə bilmərik ki, çoxdur. Çünki ölkə prezidentinin imzaladığı bir neçə sərəncamdan sonra ödənişsiz plan yerlərinin sayı artıb. Əvvəl 43-44 min plan yerinə hər il qəbul aparılırdı. Onun 12-13 mini ödənişsiz plan yerləri idi. Bu il isə həmin yerlərin sayı 8 min artırılıb. Artıq 21 min nəfər bu il ödənişsiz əsaslarla oxuyacaqlar. Bundan başqa dövlət başçısının bir neçə güzəştləri var ki, həmin insanlar ödənişli olsa da, təhsil haqqı vermədən təhsil alırlar. Şəhid ailələri, məcburi köçkünlər və ona tay tutulanlar, valideynləri I və II qrup əlil olanlar, valideynlərini itirmiş şəxslər var ki, onların təhsil haqqları dövlət büdcəsi hesabına ödəniləcək. Ancaq bir neçə gün bundan əvvəl ölkə prezidenti sərəncam imzaladı ki, magistratura və doktorantura pilləsində təhsil alan I və II qruplar yaxud da 18 yaşınadək sağlamlığını itirmiş şəxslərin də təhsil haqqları dövlət büdcəsi hesabına ödəniləcək. Bu ildən etibarən Azərbaycanın ali təhsil müəssisələrində plan yerləri 50% artacaq, eyni zamanda deyə biləcəyik ki, bugün Azərbaycanda təhsil almaq pulsuzdur. Artıq 80%-ə yaxın tələbələrin təhsil haqqları dövlət büdcəsi hesabına ödəniləcək. Bu, islahatların əsasını təşkil edir. Deyilsə ki, ölkədə ali təhsil pulludur, bu yanlışdır, çünki artıq 80% plan yerləri ödənişsizdir”.

 

Mehman Nəbiyev