İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Bu gün İçərişəhərdə V Milli Kitab Sərgisi start götürür. İyunun 4-dək davam edəcək sərgidə müxtəlif təqdimatlar, panel müzakirələri, yerli və xarici müəlliflərlə görüşlər, imza günləri, poeziya axşamları keçiriləcək. Sərgi saat 09:00-dan 20:00-dək Qoşa Qala meydanında təşkil olunacaq.

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti istiqaməti üzrə ixtisasların "Harmoniya və solfecio", "Musiqi nəzəriyyəsi və solfecio" fənləri üzrə sınaq imtahanları keçiriləcək. İmtahan Bakı şəhəri Nərimanov rayonu 258 nömrəli məktəbdə (S.Rəhman küçəsi, 34) təşkil olunacaq.

Bu gün Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə "28 May - Dövlət Müstəqilliyi Günü"nə həsr olunmuş "Qan ver, həyat xilas et!" şüarı altında könüllü qanvermə aksiyası keçiriləcək. Bakı Biznes Mərkəzində saat 09:00-dan 17:00-dək baş tutacaq aksiyada Gənclər və İdman Nazirliyinin, idman idarələri və təşkilatlarının əməkdaşları, idmançılar, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri iştirak edəcəklər. Aksiya zamanı qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstəriləcək. Aksiyada 500-dək donorun iştirakı nəzərdə tutulub.

Bu gün Heydər Əliyev Mərkəzinin parkında taekvondo üzrə dünya çempionatına həsr olunmuş konsert keçiriləcək. Saat 18:00-da başlayaq proqramda Xalq artistləri Aygün Kazımova və Miri Yusif ifaları ilə dinləyicilərə əyləncə dolu anlar yaşadacaq. Proqramın növbəti hissəsində İlkin Fuadoğlu və Dj Nicolas mahnıları ilə gecəni unudulmaz edəcək. Konsert proqramına giriş ödənişsizdir. 

Lənkəran Dövlət Dram Teatrında bu gün azyaşlılar üçün "Yalançı Şahzadə" tamaşası nümayiş olunacaq. Tamaşa saat 12:00-da başlanır. Biletin qiyməti 2 manatdır.

Azərbaycanın futbol üzrə U-16 milli komandası bu gün özbəkistanlı həmyaşıdları ilə yoldaşlıq görüşü keçirəcək. 

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev daha bir vacib oyuna təyinat alıb. Milli hakim 17 yaşadək futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının ¼ final mərhələsində bu gün keçiriləcək Polşa - Serbiya qarşılaşmasının baş hakimi olacaq.

Bu gün Azərbaycan Premyer Liqasında XXXVI turun 3 oyunu baş tutacaq. Bu gün məhz avrokuboklara iddia edən və elitada qalmaq uğrunda mübarizə aparan komandalar meydana çıxacaqlar. "Sumqayıt" "Zirə" ilə qarşılaşacaq. "Qəbələ" "Kəpəz"i sınağa çəkəcək. "Səbail"i isə "Şamaxı" ilə gərgin oyun gözləyir. Oyunlar 17:30 və 20:00-da başlanacaq. 

Bu gün Heydər Əliyev Sarayında türk pop musiqisinin məşhur ifaçısı Rafet El Roman konsert proqramı ilə çıxış edəcək.