İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Ölkə üzrə seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi prosesinə yekun vurulur. bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün iclası keçiriləcək. Qeyd edək ki, yanvar ayının əvvəllərindən etibarən Azərbaycan Respublikası üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesinə başlanılıb. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən MSK-nın müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilməlidir.

Müdafiə naziri Zakir Həsənov bu gün Tbilisiyə səfər edəcək. Səfər çərçivəsində müdafiə nazirinin Gürcüstanın Müstəqillik Gününə həsr olunmuş tədbirlərdə iştirakı gözlənilir.

Bu gün Gürcüstanda Müstəqillik Günü münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak etmək məqsədilə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Orkestri bu ölkədə səfərdədir. Bu barədə MN-dən bildirilib. Hərbi orkestr heyəti Tbilisi şəhərində müxtəlif ölkələrdən qatılan nümayəndələrlə birgə konsert proqramları ilə çıxış edəcək.

NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bu gün Azərbaycana gələcək.

Bu gün saat 10:00-da iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov İsmayıllı şəhərindəki Mədəniyyət Mərkəzində (Heydər Əliyev prospekti, 61) Ağsu və İsmayıllı rayonlarından olan vətəndaşları qəbul edəcək.

Bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirəcək. Qəbul saat 10:00-da Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq.

Milli Məclisin bir qrup deputatı Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turunu müşahidə etmək üçün bu gün Ankara şəhərinə səfər edəcəklər.

Mədəniyyət Nazirliyi tərəfindən Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyi münasibətilə həyata keçirilə silsilə tədbirlər çərçivəsində teatr və konsert müəssisələrinin regionlarda qastrol səfərləri davam edir. Qastrol səfərləri çərçivəsində Salyan Dövlət Kukla Teatrının kollektivi bu gün Qax Dövlət Kukla Teatrında Rəvan Tohidoğlunun “Bir də etmərəm” tamaşasını nümayiş etdirəcək.

Kipr Müasir İncəsənət Muzeyi tərəfindən Azərbaycanın müstəqilliyinin 105-ci ildönümü şərəfinə təşkil edilən 54 azərbaycanlı rəssamın əsərlərindən ibarət “Azərbaycan Müstəqillik Günü Sərgisi” bu gün Yaxın Şərq Universiteti Xəstəxanasının sərgi zalında prezident Ersin Tatar tərəfindən açılacaq. Sərgi iyunun 2-nə qədər ziyarətçilərin ixtiyarına veriləcək.

Mayın 26-da Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə atletika üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinə start veriləcək. İki gün davam edəcək yarışda paytaxtın müxtəlif idman klubları və cəmiyyətlərinin atletləri ilə yanaşı, Gəncə, Sumqayıt, Naxçıvan, Bərdə, Astara, Quba, İsmayıllı, Xızı və Beyləqan təmsilçiləri mübarizə aparacaqlar. ADBTİA-nın stadionunda keçiriləcək Azərbaycan birinciliyinin açılış mərasimi bu gün saat 16:00-da baş tutacaq.