İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüşün keçirilməsi nəzərə tutulur. 

Bu gün Neftçala şəhərinə yeni çəkilmiş ikinci magistral su kəmərinin şəhərin su təchizatı sistemlərinə qoşulması və birinci magistral kəmərlə əlaqələndirilməsi işləri aparılacaq. Bununla əlaqədar bu gün gecə saatlarından birinci magistral kəmərdən Neftçala şəhərinə, Bankə qəsəbəsinə və kəmərdən su alan kəndlərə içməli suyun verilməsi dayandırılacaq. Agentlik yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə birlikdə Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək. Namizədlərin sənəd qəbulu Vəkillər Kollegiyası tərəfindən aparılıb. İmtahan vermək üçün 324 nəfər qeydiyyatdan keçib.

Bu gün bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

Bu gün Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə qızlar və oğlanlar arasında 28 May - Müstəqillik Gününə həsr olunmuş voleybol üzrə zona birinciliyi keçiriləcək. Turnir Goranboy Olimpiya İdman Kompleksində baş tutacaq. 15 yaşadək qızlar və oğlanlar arasında təşkil olunacaq yarışda ətraf rayonların komandaları da iştirak edəcəklər.

NATO-nun Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bu gün Azərbaycana səfər edəcək.

Bu gün Rusiyanın paytaxtı Moskvada Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək. 

Bu gün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək. İclas Belarusun paytaxtı Minsk şəhərində baş tutacaq.