İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi bu gün Milli Məclisdə müzakirəyə çıxarılacaq. Sənəd parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında I oxunuşda müzakirə olunacaq. 

Türkiyədəki prezident seçkilərinin ikinci turunda xaricdəki nümayəndəliklərdə səsvermə prosedurları bu gün başa çatacaq. Qeyd edək ki, Azərbaycanda yaşayan və işləyən Türkiyə vətəndaşlarının ikinci tur üçün səsverməsi üçün mayın 20-də Bakı vaxtı ilə səhər saat 08:00-dan etibarən seçki məntəqələri açılıb. Proses Türkiyənin Bakıdakı səfirliyinin, eləcə də Gəncə və Naxçıvandakı Baş konsulluqlarının binasında təşkil olunub.

Bu gün futzal üzrə Azərbaycan kubokunun final oyunu keçiriləcək. Bakı İdman Sarayında saat 14:00-da start götürəcək görüşdə “Neftçi” İK və “Baku Fire" qarşılaşacaq. Oyun CBC Sportdan canlı yayımlanacaq.

Qusar Dövlət Ləzgi Dram Teatrının kollektivi bu gün Şabran rayon Mədəniyyət Mərkəzində Turqut Özakmanın “Adət” tamaşasını nümayiş etdirəcək. Tamaşa Mədəniyyət Nazirliyinin regionlara təşkil edəcəyi qastrol səfərləri çərçivəsində göstəriləcək.

Bu gün G1 (mülayim) geomaqnit qasırğası müşahidə olunacaq.

Belarus prezidenti Lukaşenko bu gün Moskvada Putinlə görüşəcəyini açıqlayıb. 

Florida ştatı qubernatoru Ron Desantis ABŞ-də 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bu gün açıqlayacaq.

Bu gündən Əfqanıstan-Çin birbaşa uçuşlarının başlanacağı gözlənilir.