İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir. 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün təşkil edəcəyi hərraca dövlət əmlakı çıxarılacaq. 3 səhmdar cəmiyyətinin səhm paketi, 22 nəqliyyat vasitəsi çıxarılacaq. Hərraca çıxarılan səhmdar cəmiyyətləri inşaat, sənaye sahələrinə aiddir. Bu səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu gün Moskvaya səfərə gedəcək. Səfər Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin dəvəti ilə həyata keçirilir.A.Qriqoryan təhlükəsizlik məsələləri üzrə 11-ci beynəlxalq toplantıya qatılacaq.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Milli Məclisin deputatı Sabir Hacıyev bu gün Rusiyanın Federasiyasının Başqırdıstan Respublikasının Ufa şəhərinə səfər edəcək. Səfər çərçivəsində Ufa Dövlət Neft Texniki Universitetində Heydər Əliyev adına auditoriyanın açılışı olacaq. Bununla yanaşı, Başqırdıstan parlamentində bir sıra görüşlərin və tədbirlərin keçirilməsi də nəzərdə tutulub.

Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaq.

Bu gün YARAT Müasir İncəsənət Mərkəzində “Beynəlxalq incəsənətdə dekolonial aktivizm” adlı mühazirə təşkil olunacaq. Mühazirə tədqiqatçı Əfsanə Tahirovanın iştirakı ilə keçiriləcək. Mühazirə Azərbaycan dilində aparılacaq.

Bu gün Türkiyənin məşhur elm adamı, görkəmli geoloq Cəlal Şengör Bakıda elmsevərlər qarşısında çıxış edəcək. Tədbir saat 19:00-da başlanacaq və Avropa Azərbaycan Məktəbinin Konfrans Zalında baş tutacaq. 

Futbol üzrə Azərbaycan I Divizionunda son oyununu keçirən "Araz-Naxçıvan” öz meydanında “Zaqatala” komandası ilə qarşılacaq. Çempionatın sonuna 3 tur qalmış çempionluğunu təmin edən Naxçıvan təmsilçisinə qarşılaşmadan sonra doğma meydanda kubok və medallar təqdim ediləcək. Daha sonra stadionda Azərbaycan Respublikasının Əməkdar artisti Ədalət Şükürovun ifasında konsert proqramı təşkil olunacaq.

Rusiyanın Baş naziri Mixail Mişustin bu gün Çinə rəsmi səfər edəcək. Onun Pekində Çin Xalq Respublikasının sədri Si Tsinpinlə görüşü və Çin Dövlət Şurasının baş naziri Li Tsiyan ilə danışıqları planlaşdırılıb. Mixail Mişustin Şanxayda Rusiya-Çin Biznes Forumunda çıxış edəcək. 

NATO Baş katibi Yens Stoltenberq Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurasının müdafiə nazirlərinin iclasında iştirak edəcək. Bu gün keçiriləcək görüş Aİ Şurasının Brüsseldəki Avropa binasında baş tutacaq.