İqtisadiyyat.az bu gün baş verəcək hadisələrin siyahısını təqdim edir.

Bu gün 2023-2024-cü tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start veriləcək. Elektron sənəd qəbulu mərhələsi 22-30 may tarixlərini əhatə edəcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 22 may saat 11:00-dan etibarən 30 may saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Bu gündən məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemindən istifadə müvəqqəti olaraq dayandırılacaq. Səbəb 2023-2024-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq prosesi ilə bağlıdır. bq.edu.az elektron portalı üzərindən növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Milli Məclisin deputatları MDB Parlamentlərarası Assambleyasının komissiya iclaslarında iştirak etmək üçün bu gün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.

Türkiyədə prezident seçkilərinin ikinci turu ilə əlaqədar Azərbaycandakı Türkiyə vətəndaşları üçün keçirilən seçki prosesi bu gün yekunlaşır.

Mayın 14-də Türkiyədə keçirilən prezident seçkilərinin ilk turunda üçüncü yeri tutan ATA İttifaqının namizədi Sinan Oğan bu gün ictimaiyyətə açıqlama verəcək.

Avrasiya İqtisadi İttifaqı liderləri mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının iclasında görüşəcəklər. İclasın gündəliyi Avrasiya İqtisadi Komissiyası Şurasının bu gün keçiriləcək iclasında yekunlaşdırılacaq.

Bu gün İtaliyanın “Yuventus” klubu 12 xal cərimələnə bilər.Klubun maliyyə pozuntuları ilə bağlı araşdırma 400 gündən çox davam edir. Prokurorluq 9-12 xala qədər cərimə istəyə bilər. Klub da cərimələnə bilər. Sanksiya ilə bağlı qərar bugünkü məhkəmə iclasında veriləcək.