"Rəsmi Bakının keçirdiyi lokal antiterror tədbirləri ilə bağlı həm ictimaiyyəti məlumatlandırması, həm də prosesləri maksimum həsasiyyət ilə aparması ona qarşı təzyiq və ya sanksiya tipli gedişləri imkansız etdi". 

Bu sözləri ötən gün BMT Təhlükəsizlik Şurasında Qarabağdakı vəziyyətlə bağlı ikeçirilən iclası şərh edən politoloq Turan Rzayev İqtisadiyyat.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, BMT TŞ-də Azərbaycanın ərazi bütövlüyünün vurğulanması, keçirilən əməliyyatların antiterror olduğunun vurğulanması müsbət hadisədir:

"Məsələ ondadır ki, rəsmi Bakı beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş ərazilərində qanuni şəkildə hərəkət edir. Keçirilən lokal antiterror tədbirləri də həm beynəlxalq hüququn norma və prinsiplərinə, həm də Azərbaycan konstitusiyasına uyğun idi. Əməliyyat görüntülərindən də aydın olurdu ki, Azərbaycan silahlı qüvvələri əməliyyatlar çərçivəsində mülki əhalinin və obyektlərin zərər görməməsi üçün maksimum dərəcədə ehtiyatlı hərəkət edirdi. Kütləvi insan tələfatının olmaması və rəsmi Bakının keçirdiyi lokal antiterror tədbirləri ilə bağlı həm ictimaiyyəti məlumatlandırması, həm də prosesləri maksimum həsasiyyət ilə aparması ona qarşı təzyiq və ya sanksiya tipli gedişləri imkansız etdi. Dinləmələr zamanı Böyük Britaniya, Rusiya, Brazilya, Türkiyə nümayəndələri Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə dəstəklədiklərini xüsusi olaraq vurğulayıb. Bundan başqa Rusiya, Türkiyə, Çin və Qana nümayəndələri Azərbaycanın antiterror tədbirləri apardığını xüsusi vurğulayıb".

 

 

Yevlax görüşünə də toxunan politoloqa görə, rəsmi Bakının Qarabağ ermənilərini asimilyasiya etmək və ya onlara qarşı hansısa qresya nümayiş etdirmək niyyəti yoxdur:

"Bunu təsdiqləyən ən önəmli fakt isə Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri sosial və humanitar xarakterli məsələlərin müzakirəsi kontekstində yanacağa ehtiyac duyulduğunu bildiriblər. Eyni zamanda qida məhsulları olmaqla, humanitar yardımın göstərilməsini xahiş ediblər. Mərkəzi hakimiyyət isə buna müsbət yanaşıb, hətta bu gün Xankəndiyə humanitar yardımlar belə göndərilib.  Qarabağ sakinləri ilə dialoqa gəldikdə isə Yevlax görüşünün yekunda gələcək görüşlərin keçirilməsi istiqamətində razılıq əldə olunub. Yəni dialoq davam edəcək. Nəticə etibarilə BMT Təhlükəsizlik Şurasında Fransanın təşəbbüsü ilə baş tutan iclas bu dəfə də nəticəsiz bitdi. Azərbaycana qarşı heç bir qərar, yaxud qətnamə qəbul edilmədi". 

Qeyd edə ki, iclasda bir neçə ölkə, o cümlədən Fransa, Almaniya, Malta və Afrikanın bir neçə ölkəsi əsassız ittihamlar səsləndiriblər. Birləşmiş Ərəb Əmirlikləri, Çin və Rusiya neytral mövqedən çıxış etsə də, Türkiyə hər zaman olduğu kimi, Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Daha sonra Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov çıxış edib. Azərbaycanlı nazir rəsmi Bakının həyata keçirdiyi antiterror tədbirlərinin əsl mahiyyətini açıqlayıb.

Gülşən Şərif