Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ukraynaya 250 ton humanitar yardım daşıyan gəmi göndərdiyi açıqlanıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə BƏƏ-nin WAM xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, dünən göndərilən gəminin Rusiyanın müharibəsi nəticəsində yaranmış humanitar vəziyyəti yüngülləşdirmək üçün BƏƏ-nin Ukraynaya davam edən yardımı çərçivəsində göndərildiyi bildirilib.

Şəxsi yardım materialları, işıqlandırma avadanlıqları və ədyallardan ibarət 250 ton humanitar yardımı daşıyan gəminin dəniz yolu ilə Polşa və Rumıniyaya çatdıqdan sonra Ukraynaya göndəriləcəyi bildirilib.

Qeyd edilib ki, BƏƏ-nin Beynəlxalq Əlaqələr İdarəsi Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Ukraynaya kompüter, avadanlıq və tədris materiallarından ibarət təhsil yardımı hazırlayıb.

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukraynaya humanitar yardım edən BƏƏ 2022-ci ilin oktyabrında Ukrayna vətəndaşlarına 100 milyon dollar yardım elan edib.