ABŞ prezidenti Co Bayden Qazaxıstanın rəhbəri Kasım Jomart Tokayevə ünvanladığı müraciətdə onu milli bayram - Respublika Günü münasibətilə təbrik edərək, son bir ildə ölkələr arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində işlərin görüldüyünü qeyd edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

"Son bir il ərzində biz strateji tərəfdaşlığın möhkəmləndirilməsi və bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində işlər görmüşük. Mən ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsini səbirsizliklə gözləyirəm", - deyə Bayden qeyd edib.

Mesajda əlavə edilir ki, Qazaxıstan və ABŞ-ni suverenlik, müstəqillik və ərazi bütövlüyünə ümumi öhdəliyə əsaslanan tərəfdaşlıq birləşdirir: ​​"30 ildən artıqdır ki, biz bu prinsipləri qorumaq və xalqlarımız üçün daha yaxşı gələcək qurmaq üçün birlikdə işləmişik".