“Gördüyümüz işlərlə xidmət sahələrimizi genişləndirməyə və tibb sektorunun inkişafına töhfə verməyə çalışırıq”.

İqtisadiyyat.az xəbər verir ki, bunu Səhiyyə Menecmenti Zirvəsində çıxış edən “Sağlam Ailə” Tibb mərkəzinin baş direktoru Vüqar Eyvazov deyib.

O bildirib ki, ölkə başçısı İlham Əliyevin səhiyyə sahəsində apardığı quruculuq işləri və islahatlar nəticəsində ölkəmizdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün münbit şərait yaradılıb:

“Sağlam Ailə” Tibb Mərkəzi 20 ildir ki, əhalimizə dinamik inkişafla xidmət edir. Bu illər ərzində əsasən gənclər arasında nikah öncəsi tibbi müayinə əhaliyə profilaktik check-up mədəniyyətini təbliğ edən müəssisə kimi fəaliyyət göstərib. “Profilaktika müalicədən qənaətlidir”, “Bugünün müayinəsi sabahın sağlam ailəsidir” şüarları ilə xidmət göstərərkən yüksək standartlı laboratoriyaya arxalanmışıq”.

Onun sözlərinə görə, mərkəz fəaliyyəti çərçivəsində həssas qruplara məxsus minlərlə vətəndaşla görüşlər təşkil olunub və sosial layihələrə imza atılıb.

 

Gülşən Şərif