Xəbər verdiyimiz kimi, bu gün saat 16:30 radələrində paytaxtın Xətai rayonunda bir ailənin üç üzvü - 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlu, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızı və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlu qətlə yetirilib. 

İqtisadiyyat.az xəbər verir ki, Qaynarinfo-ya daxil olan məlumata görə, qətlə yetirilən Bikə Əhmədova Xətai rayonunda yerləşən 59 nömrəli tam orta məktəbin direktoru olub. Bu barədə Təhsil Nazirliyinin rəsmi saytında da qeyd edilib. 

Bikə Əhmədova 01.09.2002-ci ildən 2012-ci ilə qədər Xətai rayonu Elşad Yəhyayev adına 56 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi fəaliyyət göstərib. 2012-2021-ci ilə qədər Xətai rayonu 138 nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib.

Mehman Əhmədov isə dəmir yolu işçisi olub. 2022-ci ilə qədər "Azərbaycan Dəmir Yolları" QSC-nin İnfrastruktur departamentinin rəisi vəzifəsini tutub.

Prezidentin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib.

***

17.22

Bakıda oğlu tərəfindən qətlə yetirilən Əhmədova Bikə Bədəl qızı məktəb direktoru imiş.

İqtisadiyyat.az xəbər verir ki, o, Bakının Xətai rayonunda 59 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışırdı.

***

17.01

Fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən İqtisadiyyat.az-a bildirilib ki, ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.