Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Səhiyyə Menecmenti Zirvəsi keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, panellər üzrə müzakirə olunacaq mövzular tibb müəssisələrinin rəhbərlərinin ümumi idarəetmə bacarıqlarının inkişafını, səhiyyə sistemi üzrə biznes proseslərin xüsusi alqoritm üzrə qurulmasını, idarəetmə potensialının gücləndirilməsini, kadr resurslarının inkişaf etdirilməsini, xidmət standartları çərçivələrinin yaradılmasını, tibbi xidmətlərin keyfiyyət və səmərəliliyinin yaxşılaşdırılması üçün atılmalı olan addımları və eyni zamanda ən yaxşı təcrübələrin mübadiləsinə xidmət edəcək digər mövzuları özündə ehtiva edir.

Tədbirin keçirilməsində məqsəd səhiyyə sistemi və xidmətlərinin effektiv təşkili, kadrların idarə olunması, səhiyyədə informasiya texnologiyalarının tətbiqi və istifadəsi, keyfiyyətli tibbi yardımın göstərilməsi, yeni dünyaya inteqrasiya istiqamətində doğru bildiyimiz yalnışları müəyyənləşdirmək, dövlət və özəl tibb müəssisələri arasında işgüzar əlaqələrin və kommunikasiyanın daha da möhkəmləndirilməsinə xidmət edən platforma rolunu oynamaqdır.

Zirvədə “Fərq yaradır” konsept mesajı ilə özəl sektorun Azərbaycanda yayılma vəziyyəti, dövlət və özəl tibb müəssisələri arasında effektiv kommunikasiya, özəl və dövlət sektorunda tibb müəssisələrinin idarəetməsində olan fərqlər müzakirə olunur.

Zirvə 3 fərqli panel və 15-ə qədər spiker və moderatorun iştirakı ilə “Fərq Yaradır” şüarı altında öz sahəsinin 400-ə qədər rəhbər və idarəedici, qərarverici şəxslərinin iştirakı ilə keçirilir. 

“Sağlam Ailə” və “Facemark” şirkətlərinin ortaq təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə baş tutan Səhiyyə Menecmenti Zirvəsində özəl və dövlət tibb müəssisələrinin rəhbərləri, icraçı direktorları, baş həkimləri, dövlət qurumlarının rəsmiləri, iş adamları və sahibkarlar iştirak edirlər.