Azərbaycan Respublikasının baş prokuroru Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Bakıda keçirilən 29-cu illik konfransı və ümumi yığıncağında iştirak edən Sinqapur Respublikasının baş prokuroru Lüsyen Vongun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə İqtisadiyyat.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Görüşdə bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu xatırladan Baş prokuror Kamran Əliyev Azərbaycan və Sinqapurun bir sıra sahələrdə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunu qeyd edib. O, əldə olunan müsbət nəticələrin əlaqələri daha da inkişaf etdirmək üçün səyləri birləşdirməyə stimul verdiyini vurğulayıb.

Bildirilib ki, beynəlxalq siyasi və iqtisadi əlaqələrin yaradılması və inkişafı coğrafi baxımdan uzaq xalqların yaxınlaşmasına və nəticədə möhkəm sülh və əmin-amanlığın bərqərar olmasına kömək edir.

Formula 1 üzrə Azərbaycan Qran-Prisindən sonra Sinqapur Qran-Prisinin və Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Bakıdan sonra 30-cu yubiley tədbirinin Sinqapurda keçirilməsinin əhəmiyyətindən danışan Kamran Əliyev bunun hər iki ölkəyə beynəlxalq etimadın təcəssümü olduğunu bildirib.

O, ölkəmizin prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlardan, müasir dövrdə prokurorluğun cinayətkarlıqla mübarizədə rolundan və bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətindən danışıb, eləcə də ölkələrarası təcrübə mübadiləsi, prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Kamran Əliyev bu mühüm tədbir zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) ilə birgə noyabrın 15-də “Gücləndirilmiş iqlim fəaliyyəti üçün hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil edəcəyini bildirərək qonaqlara dəvət məktubunu təqdim edib.

Lüsyen Vong isə Azərbaycanla əməkdaşlığa ölkəsinin böyük əhəmiyyət verdiyini, gələcəkdə münasibətlərin daha da dərinləşməsi üçün çalışacaqlarını bildirib.