"Azərbaycan görüşdən imtina etməklə erməni havadarlarına qarşı öz mövqeyini sərgilədi".

Bunu İqtisadiyyat.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Azərbaycanın İspaniyanın Qranada şəhərində bu gün üçün planlaşdırılan beştərəfli görüşdən imtina etməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, ölkə başçısı İlham Əliyevin sözügedən görüşdən imtina etməsi kifayət qədər doğru qərardır:

"Əgər Fransa yenə də suları bulandırmağa çalışacaqsa, Azərbaycanın belə bir görüşdə iştirakına ehtiyac yoxdur. Çünki Fransanın Azərbaycana qarşı mövqeyi hər kəsə məlumdur. Bundan başqa, Azərbaycan tərəfi görüşdə Türkiyənin iştirakını da təklif etmişdi. Fransanın destruktiv mövqe tutması, eləcə də Paris və Berlinin Türkiyənin görüşdə iştirak etməsi ilə bağlı fikir ayrılığına düşməsinə görə ölkəmiz öz mövqeyini ortaya qoydu. Azərbaycan artıq ikitərəfli görüşlərə üstünlük verməlidir. İstənilən üçüncü qüvvə öz maraqlarını güdür və bu, Azərbaycana lazım deyil. Nəzərə almaq lazımdır ki, Fransa kimi ermənipərəst dövlətlər artıq təsir imkanlarını itiriblər. Fransanın destruktiv mövqe tutması Azərbaycanın milli maraqlarına ziddir".

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya getməkdən imtina edib. 

 

Gülşən Şərif