İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-ni dövlət qeydiyyatına alıb. 

Nazirlik xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 175, nizamnamə kapitalı əvvəlcədən deyildiyi kimi 2 187 500 manat, qanuni təmsilçisi isə Azər Əvəz oğlu Kərimovdur. O, bundan əvvəl “PAŞA Sığorta” ASC-nin Sığorta iddiaları və hüquqi təminat departamentinin rəisi, “Azərkosmos” ASC-də məxvi işlər üzrə mütəxəssis, “Kaas Telekom” MMC-nin baş direktoru vəzifələrində çalışıb. 

Xatırladaq ki, “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti”nin səhmdarları 7 sığorta şirkətidir. Yeni kommersiya qurumu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fondunun idarəedici təşkilatı kimi fəaliyyət göstərəcək.report