Rusiyanın Antarktidadakı “Vostok” tədqiqat mərkəzinin rus tədqiqatçıları istixanada apardıqları təcrübə nəticəsində qarpız və yemiş yetişdiriblər. 

İqtisadiyyat.az rus mediasına istinadən bildirir ki, aparılan təcrübə dünyanın ən soyuq nöqtəsində qarpız yetişdirməyin mümkün olduğunu göstərib.

Arktika və Antarktika Tədqiqat İnstitutunun (AARI) Rusiya Antarktika Ekspedisiyasının tədqiqatçıları Rusiya Elmlər Akademiyasının Aqrofizika Elmi-Tədqiqat İnstitutu və Biotibbi Problemlər İnstitutundan olan həmkarları ilə birlikdə "Vostok" stansiyasında istixana yaradıblar. Tədqiqatçılar qarpız və yemiş toxumlarını nazik torpaq qatına əkiblər və günəş işığını təqlid edən xüsusi işıqlandırmadan istifadə ediblər.

Toxumların əkilməsindən103 gün sonra 8 yetişmiş və şirin meyvə yetişib. Meyvələrin  hər birinin çəkisi təxminən 1 kiloqram, diametri isə 13 santimetr olub.

Qeyd edək ki, qarpız və yemiş “Vostok” stansiyasında yetişdirilən ilk qida növü deyil. 2020-ci ildə tədqiqatçılar tərəfindən şüyüd, reyhan, cəfəri və kələm daxil olmaqla, müxtəlif bitkilərin becərilməsi uğurla həyata keçirilib.

Gülşən Şərif

İqtisadiyyat.az