Nəticəəsaslı büdcə tərtibi mexanizminə keçid çərçivəsində ilk olaraq 2021-ci ildə üç pilot sektorda Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi nəzərdə tutulur.

Bu barədə Maliyyə Nazirliyinin 2021-ci il üzrə dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir.

Həmin üç pilot sektor təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi ilə bağlıdır.

Büdcə xərclərinin təsnifatının “Təhsil” bölməsi üzrə uşaqların məktəbəqədər təhsil müəssisələrində təhsilalma imkanlarının genişləndirilməsi, ümumi təhsil proqramı üzrə biliyinin artırılması, peşə təhsili proqramı üzrə təhsilalanların peşə-ixtisas biliklərinin, təcrübələrinin artırılması və digər bir sıra mühüm hədəflərə nail olmaq üçün 2021-ci il dövlət büdcəsindən 3 milyard 197 milyon manat maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.

“Kənd təsərrüfatı” bölməsi üzrə nəzərdə tutulan proqramların həyata keçirilməsi nəticəsində əkinlərin becərilməsinin stimullaşdırılması, bitkiçilik sahəsində məhsuldarlığın artırılması, eləcə də ətə və südə olan tələbatın təmin edilməsində daxili istehsalın payının artırılması və ərzaq təhlükəsizliyi üzrə hədəflərə nail olmaq üçün 2021-ci il üçün 918 milyon manat maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.

“Ətraf mühitin mühafizəsi” bölməsi üzrə nəzərdə tutulan proqramların həyata keçirilməsi nəticəsində səciyyəvi və nadir təbiət komplekslərinin və obyektlərinin mənfi təsirlərdən qorunması və ərazilərində elmi-tədqiqatların davam etdirilməsi, nadir və endemik flora və fauna növlərinin populyasiyasının təmin edilməsi, ölkə ərazisində meşəlik faizinin artırılması, ətraf mühitin çirklənməyə məruz qalan ərazilərində təmizlənməsi və digər bir sıra mühüm hədəflərə nail olmaq üçün 2021-ci il üçün 282,7 milyon manat maliyyə vəsaitinin ayrılması gözlənilir.

Hər üç pilot sektor üzrə tədbirlərin icrası üçün sərf edilən maliyyə vəsaitin nəticəəsaslılığının ölçülməsinə imkan verən monitorinq göstəriciləri müəyyən edilib.

Qiymətləndirilmənin nəticələrinə əsasən təklif və tövsiyələrin müvafiq büdcə təşkilatlarına təqdim edilməsi nəzərdə tutulub.