Uşaqların fiziki və mənəvi inkişafı cəmiyyətin gələcəyi üçün son dərəcə vacibdir. Bu inkişafın hər iki aspekti - həm fiziki, həm də mənəvi tərəfi bir-birini tamamlayır, sağlam, sosial məsuliyyətli vətəndaşların yetişdirilməsində mühüm rol oynayır. Fiziki inkişaf dedikdə onların sağlamlığı, fiziki aktivliyi, bir sözlə ümumi bədən tərbiyəsi nəzərdə tutulur. Mənəvi inkişaf isə azyaşlıların sosial, emosional və əxlaqi baxımdan formalaşmasını əhatə edir. Fiziki və mənəvi inkişafın vəhdəti uşaqların ümumi rifahı və cəmiyyətdəki rolu üçün əhəmiyyətlidir. Fiziki sağlamlıq onların mənəvi inkişafı üçün sağlam bir baza yaradır, eyni zamanda mənəvi rahatlıq onları sağlam həyat tərzi sürməyə və cəmiyyətdə müsbət rol oynamaya təşviq edir. Bu baxımdan valideynlər, müəllimlər və cəmiyyətin digər üzvləri uşaqların və gənclərin düzgün inkişafına dəstək olmalı, onlara uyğun şərait yaratmalıdırlar.

Təhsil eksperti Elçin Əfəndiyev İqtisadiyyat.az-a açıqlamasında deyib ki, uşaqların fiziki və mənəvi inkişafında məktəb və məktəbəqədər təhsil müəssisələrinin böyük rolu var.

Onun sözlərinə görə, həm məktəbəqədər təhsil müəssisəsində, həm də məktəbəhazırlıq qruplarında təhsil alan şagirdlərin əldə etdiyi biliklər onların növbəti təhsil pilləsində, demək olar ki, daha yaxşı nəticə əldə etmələrinə gətirib çıxarır: “Ona görə də yaxşı olar ki, uşaqlar minimal olaraq 3 yaşdan ya məktəbəqədər hazırlıq müəssisələrinə, ya da valideynləri tərəfindən individual qaydada tədris prosesinə cəlb olunmalıdırlar. 5 yaşdan isə mütləq məktəbəhazırlıq qruplarına övladlarını göndərsinlər. İstənilən halda daha erkən tədris prosesinə başlamaları onlar üçün gələcəkdə daha uğurlu nəticələr əldə etmələrinə rəvac verən faktordur”.

5 yaşdan uşaqların təhsilə cəlb olunmasının heç bir fəsadının olmadığını deyən ekspert xatırladıb ki, hazırda müvafiq olaraq məktəbəhazırlıq qruplarına qəbul aparılır: “Şagirdlər artıq bir neçə müddətdir ki, məktəbəhazırlıq qruplarına 5 yaşdan cəlb olunurlar. Onlar bir il məhz həmin qruplarda, yəni dövlət təhsil müəssisələrində təhsil alırlar. Növbəti il isə birinci sinfə başlayırlar. Biz ötən dövrlə hazırki vəziyyətin müqayisəli təhlilini apararkən gəldiyimiz qənaət ondan ibarət olur ki, şagirdlər 5 yaşda müvafiq olaraq təhsil prosesinə başladıqları üçün onlar növbəti sinfə keçid aldıqda, yəni birinci sinfə başladıqda bir o qədər də çətinliklə üzləşmirlər. Onlar həm ümumi tədris prosesinə adaptasiya ola bilirlər, həm müəllim-şagird kommunikasiyası düzgün qurulur, həm də sinif yoldaşları ilə düzgün rabitə formalaşır. Nəticədə onlar birinci sinifdə daha sərbəst olurlar və müəyyən biliklərə yiyələnirlər. Məsələn, əlifbanı öyrənirlər və yaxud da müvafiq dil, hesablama qaydaları ilə tanış olurlar ki, məhz birinci sinifdə də onlara bu kimi yaranan məqamlar müsbət mənada təsir göstərir”.

Uşaqların sağlam yetişməsində valideynlərin rolu danılmazdır. Gələcəyə savadlı, işıqlı, dünyagörüşlü, parlaq, bir sözlə fiziki və mənəvi sağlam nəsil bəxş etmək ilk növbədə uşaqlara qoyulan düzgün təməldən başlayır.

Fəlsəfə üzrə fəlsəfə doktoru, sosioloq Mail Yaqub İqtisadiyyat.az-a açıqlamasında deyib ki, valideynlər övladlarının sığınacaq yeri olmalıdır.

“Valideyn uşaqlarının yanında o qədər etibar qazanmalıdır ki, uşaqlar ondan çəkinməsinlər, qorxmasınlar, əksinə ona güvənsinlər və sevsinlər. Valideyn bütün situasiyalarda övladlarına o qədər mehriban və qayğıkeş olmalıdır ki, uşaqlar onları özünə ən yaxın dost bilməlidirlər. Uşaqlar evdə valideynləri ilə ünsiyyətə can atsınlar, ünsiyyətdən qaçmasınlar. Təhsil məsələsinə gəldikdəisə, uşaqları məcbur olaraq hanısa bir təhsil vərdişinə cəlb etmək yanlışdır. Təhsil prosesi çətin prosesdir. Valideyn uşaqlarının təhsil məsələsinə o qədər həssaslıqla yanaşmalıdır ki, bu məsələdə aqressiya göstərmək birmənalı səhvdir. Çünki bu davranış uşaqları təhsildən bezdirə bilər”, - sosioloq əlavə edib.

Müşahidələr zamanı azyaşlıların sağlamlığı məsələsində valideynlərin biganəliklərinə də rast gəlinir. Belə ki, bəzi hallarda azyaşlı övladı xəstələnən valideyn ev şəraitində müalicəyə üstünlük verir, özbaşına, həkim məsləhəti olmadan əczaçıdan hər hansı dərman preparatları alaraq övladına qəbul etdirir. Sonradan isə xoşagəlməz hallar qaçılmaz olur. Dəfələrlə həkim-pediatrlar tərəfindən belə halların yolverilməz olduğu bildirilsə də, təəssüf olsun ki, hələ də əksər valideynlər bu məsələyə biganə yanaşırlar.

Pediatr Qoşqar İsmayılov İqtisadiyyat.az-a açıqlamasında deyib ki, uşağın vəziyyətindən asılı olaraq xəstələndiyi zaman mütləq ailə həkimi, yaxud da pediatra müraciət etmək, xəstəliyin ağırlıq dərəcəsini öyrənmək lazımdır.

O bildirib ki, uşağın səhhətindəki durum əgər yüngüldürsə, evdə ambulator, yox, əgər orta-ağır və ya ağırdırsa, stasionar şəraitdə müalicə aparılmalıdır: “Çox hallarda uşaq xəstələndiyi zaman valideyn özbaşına aptekdən hansısa dərman alır, 3-5 gün uşağa qəbul etdirir və nəticədə xəstənin temperaturu daha da artır, eyni zamanda uşağın səhhətində başqa problemlər yaranır. Yalnız bundan sonra valideyn həkimə müraciət etmək məcburiyyətində qalır. Belə olduqda uşağın durumu həkimə qədər daha da ağırlaşa bilər. Bu hal düzgün deyil. Bundan başqa, bəzən evdə hər hansı qeyri-tibbi metodlardan istifadə edilir. Bütün bunlar həkim nəzarəti altında edilmədikdə xəstənin səhhətində müəyyən problemlər ortaya çıxa bilər. Belə hallarda mütləq şəkildə ilk olaraq həkimə müraciət etmək lazımdır. Özbaşına deyil, məhz həkimin nəzarəti altında müalicənin profilaktik üstünlüyü var. Bununla yanaşı, vaxtında həkimə müraciət edildikdə xəstə yüngül vəziyyətdədirsə, daha tez sağala bilər”.

Q.İsmayılov həmçinin uşaqların erkən yaşdan tədrisə cəlb olunmasının hər hansı fəsadlarının olub-olmaması məsələsinə də münasibət bildirib: “İndiki dərs materialları 10-15 il bundan qabaqkı ilə müqayisədə bir qədər uşaqlar üçün daha informativdir. Bununla yanaşı dərs materialları da daha çoxdur. Ona görə də düşünürəm ki, 6 yaşından sonra uşaqlar məktəbə getsə, daha məsləhətdir. Düzdür, vunderkind uşaqlar var ki, onlar 5 yaşından da qavraya bilərlər. Amma onların sayı barmaqla sayılacaq qədərdir. Bu səbəbdən də 6 yaşından sonra uşaqların təhsilə cəlb olunması məsləhətdir”.

Psixoloq Gülər Məmmədova İqtisadiyyat.az-a açıqlamasında deyib ki, ümumiyyətlə, uşaqlarını böyüdən valideynlərin özlərinin psixikası sağlam olmalıdır.

O bildirib ki, hər iki tərəfin psixikası genetik aspektdən sağlamdırsa, yəni psixoloji sağlamlıqları yerindədirsə, onlar dünyaya gətirdikləri övladlarını ta doğulduğu andan yaşın inkişaf dinamikasına uyğun tərzdə böyütməlidirlər: “Bu tərbiyə hələ ana bətnində olarkən başlayır. Dünyaya gəldikdən sonra isə uşaqlar çağalıq, körpəlik, məktəbəqədər, məktəb, yeniyetməlik, gənclik dövrlərini yaşayırlar. Hər bir insanın, fərdin bütün bu sadaladığımız inkişaf dövrlərində şəxsiyyət kimi yetişməsində ailənin rolu çox mühümdür. Ailə tam olduğu təqdirdə orada övladlar da sağlam psixikayla böyüdülə bilir. Ailədə psixoloji atmosfer sağlamdırsa, o zaman valideynlərin hər biri övladlarına bu həyata bələdləşmələri üçün müəyyən tərbiyəvi fikirlər aşılayırlar. Valideynlər hər yaşa uyğun olaraq uşaqlarla necə davranmalı olduqlarını öyrənməlidirlər. Bu gün internet dönəmində yaşayırıq. Bu dönəmdə informasiya bolluğu çoxdur. Ümumiyyətlə, hər yaş dönəminə uyğun davranış strategiyası var. Hər iki valideyn işləsə də belə, övladının psixi inkişafında birmənalı onun aparıcı fəaliyyətini müəyyən etməlidir. Məsələn, çağalıq dövründə onlar övladları ilə emosional, körpəlik dönəmində manipulyativ ünsiyyətdə olmalı, onlara yaşlarına uyğun hər şeyi izah etməlidirlər. Məktəbəqədər dövrdə uşaqlarla rollu oyunlar oynamalıyıq. Kiçik məktəbli dönəmində isə uşaqlar artıq oyun fəaliyyətindən təlim fəaliyyətinə keçdiyi üçün onların özünəməxsus şəkildə həm təlim, həm də istirahətini paralel olaraq balansda saxlamaq lazımdır”.

Psixoloqun sözlərinə görə, 5 yaşından uşaqları uzun müddətli təlimlə məşğul olmağa vadar etdikdə onlarda hədsiz maraq zəifliyi, diqqətsizlik baş verir: “İnsan psixikası hələ körpəykən təməli qoyulur, bu dövrdə bir çox psixi proseslər inkişaf etməyə başlayır. Məktəbəqədər dövrdə bir neçə psixi proses də inkişaf etməyə başlayır, daha sonra kiçik məktəbli dönəmində isə artıq uşaqlar resurslarını elmə, oxumağa yönəltməlidirlər. Təbii ki, burada oyun fəaliyyətini də nəzərə almaq lazımdır. Bəzi valideynlər isə təhsili daha ön plana keçirərək uşağın oyunlarını da əllərindən almağa çalışırlar. Bu da onların uşaqlığını normal şəkildə inkişaf etdirməməsinə səbəb olur. Uşaqları normal inkişaf etdirmək, onların bir fərd olaraq sağlam inkişafı üçün onlara uşaqlıqlarını yaşatmaq mütləqdir”.

G.Məmmədova vurğulayıb ki, uşaqlara həyata bələdləşmələri üçün öncə oyuncaqlar, sonra isə müxtəlif kitabların alınması şərtdir: “Uşaqlarla mütəmadi söhbət edilməli, onların suallarına yaşa uyğun şəkildə doğru-dürüst cavablar verilməlidir. Uşaqlara yalan danışmaq doğru deyil. Bəzən məcburiyyətdən valideynlər uşaqların ta gözləri açılana qədər müəyyən yalanları söyləyə bilərlər. Yalnız o yalanlar ki, uşaqların həyatında travma yaratmasın. Bir çox valideynlər uşaq böyütməsində kitablara üz tutur, kitablar oxuyur, çox mükəmməlcəsinə böyüdür və bu, uşaqların həyata bələdləşməsinə mənfi təsir göstərir. Çünki həddindən artıq uşağı perfeksionist böyütmək də doğru deyil. Uşaqlar sağlam şəkildə böyüməli və həyata bələdləşərək, həyati situasiyaları doğru-dürüst mənimsəməlidirlər. Çünki müxtəlif psixologiyada, xarakterdə, temperamentdə insanlar var. Onlara adaptasiya olmaq, bu həyatdakı yenilikləri qəbullanmaq, biliklər qazanmaq üçün valideynlər birmənalı özləri öncə maariflənməli, məlumatlanmalı, uşağın hər yaş dönəmində necə davranmalı olduqlarının fərqinə varmalıdırlar. Bu, heç də çətin deyil. Bu qeyd etdiklərimiz kiməsə yük kimi gələ bilər. Uşaq dünyaya gətirmək istəyən kəslər övladını sağlam ruhda böyütməli, inkişafına yardımçı olmalıdır. Çünki uşaqlar aciz olur, valideynlərə tabe olurlar. O ailədə konflikt, natamamlıq varsa, mütəmadi olaraq konfliktlər səngimirsə, valideynlərdən birində asılılıq, yaxud da psixi pozuntusu varsa, bax o ailələrdə uşaqlar travma ilə böyüyür, ya təhsildən geri qalır, psixikasında çat olur, ya da şəxsiyyət, davranış pozuntusu olur. Bunlar çox önəmli şərtlərdir”.

Psixoterapevt Elmir Əkbər İqtisadiyyat.az-a açıqlamasında deyib ki, valideynlər uşaqları ilə öz şəxsi istək və ambisiyalarına uyğun olaraq deyil, psixologiyanın, psixoterapiyanın, psixoanalizin qanun və qaydalarına uyğun şəkildə davranmalıdırlar.

Psixoterapevt burada diqqət yetirilməli iki vacib şərti vurğulayıb: “İlk növbədə validenlər heç bir zaman övladlarını heç kimlə müqayisə etməsinlər. Çünki müqayisə hər bir halda komplekslə nəticələnir. Hətta yaxşılığa belə müqayisə etmək doğru deyil. Ona görə ki, hər bir insan şəxsiyyətdir, onun özünün fərdi xüsusiyyətləri var, bənzərsiz, əvəzolunmaz və heç kimlə müqayisə olunmazdır”.

E.Əkbərin sözlərinə görə, valideynlərin digər diqqət etməli olduqları məsələ heç vaxt uşağın şəxsiyyətinin tənqid olunmamasıdır: “Əgər bir səhv, xəta varsa, uşağa demək lazımdır ki, bu davranış doğru deyil. Yəni davranışı tənqid etmək lazımdır. O zaman uşaqda belə bir şüuraltı fikir formalaşır ki, o, yaxşı uşaqdır, amma elədiyi hərəkət səhvdir və ona layiq deyil və öz davranışını düzəldir. Amma uşağın şəxsiyyəti tənqid olunanda onda şüuraltı olaraq belə bir fikir formalaşır ki, o səhvdir, yanlışdır, qüsurludur, problemli uşaqdır. Bu, təbii ki, gələcəkdə onun düzəlməsinə deyil, daha da yanlış və səhv addımlar atmasına gətirib çıxaracaq”.

Psixoterapevt həmçinin uşaqların erkən yaşdan tədrisə cəlb olunması ilə bağlı da fikirlərini bölüşüb. O, nəinki 5, hətta 6 yaşından belə uşaqların tədrisə cəlb olunmasının əleyhinə olduğunu vurğulayıb: “Uşaq 7 yaşından məktəbə getməlidir. Bəli, 5 yaşında da uşaq nəyisə öyrənə bilər, amma bu öyrənmə daha çox əyləncəvi xarakter daşımalıdır və uşağın emosional tələblərinə uyğun təqim olunmalıdır. Məsuliyyət, cavabdehlik tipli təhsilin isə 7 yaşından olması yaxşıdır. Hətta inkişaf etmiş ölkələrdə, məsələn, Skandinaviyada ibtidai sinif ərzində uşaqlara qiymətləndirmə aparmırlar ki, onlarda kompleks, zərərli rəqabət hissi yaranmasın. Təəssüf ki, bizdə eşidiblər ki, məktəbəqədər hazırlıq var, amma bilmirlər o necə həyata keçirilməlidir. Məktəbə 6 yaşında gələn uşaqdan yazıb-oxumalarının tələb olunmasını başa düşə bilmirəm. Əgər o, yazıb-oxumağı bilirsə, birinci sinif dərsi ona heç maraqlı olacaqmı?! Elə birinci gündən məktəb uşağa maraqsız bir yer kimi gələcək. Xülasə, təhsil problemimiz çox böyükdür. Düşünürəm ki, bir çox islahatlara ehtiyac var və birinci növbədə də psixologiya baxımından bu islahatlar həyata keçirilməlidir”.

 

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "uşaq və gənclərin fiziki və mənəvi inkişafı" istiqaməti üzrə hazırlanıb.

 

Sadiq Cavadov