Qardaş ölkə Türkiyənin müxtəlif bölgələrində meydana gələn güclü zəlzələ heç şübhəsiz ki, ölkə iqtisadiyyatında da təsirsiz ötüşməyəcək. Azərbaycanın Türkiyə ilə geniş iqtisadi əlaqələrinin olduğunu nəzərə alsaq, bəs, bu fəlakət Azərbaycan iqtisadiyyatında necə rol oynayacaq?

İqtisadiyyat.az mövzu ilə bağlı iqtisadçı Günay Hüseynovanın fikirlərini öyrənib. Ekspert qeyd edib ki, hadisənin Azərbaycan bazarına müəyyən təsiri olsa da, bu, elə də güclü dəyişikliyə səbəb olmayacaq:

"Türkiyənin Kahramanmaraş şəhərində baş verən zəlzələ 10 şəhəri əhatə etdi və ciddi dağıntılara səbəb oldu. Bu hadisə istər iqtisadi baxımdan, istər işçi qüvvəsi baxımından Türkiyə iqtisadiyyatına mənfi təsirini göstərdi. Ölkəmiz müəyyən zəruri ehtiyac mallarını, həmçinin geyim və s. tələbat mallarının əksər hissəsini Türkiyədən idxal edir. Cüzi də olsa yeraltı təkan Azərbaycan iqtisadiyyatına təsir edəcək. Təsirin cüzi olmasına səbəb odur ki, bu bölgələrin Azərbaycana  ixracda payı azdır, həmçinin də bu bölgəyə düşən istehsalatın Azərbaycan bazarında o qədər də ehtiyac duyulmur.

Sonda məlumat üçün onu da əlavə edək ki, Qaziantepdə makaron,vermişel, bitki və qatı yağlar, bulğur,buğda; Malatya-Kahramanmaraşda əsasən quru meyvələr, Osmaniyedə yer fıstığı, qarğıdalı, soya, turp; Şanlıurfa-Adanada arpa, buğda, qarpız, sumax, cirə, bibər, pomidor, badımcan, noxud; Hatay-Diyarbəkirdə isə cəfəri, nanə, pazı, kök, kabaçki, sarımsaq, soğan, bamya yetişdirilirdi".

Cavidan Mirzəzadə / İqtisadiyyat.az