Novruz bayramına və baharın gəlişinə sayılı günlər qalıb. Bayramla əlaqədar olaraq ölkədə ardıcıl qeyri-iş günləri elan edilib. Ənənəvi olaraq, fürsəti dəyərləndirən bəzi vətəndaşlar isə bayram tətilini turist kimi keçirmək üçün indidən hazırlıqlar görməyə başlayırlar. Odur ki, paytaxtda və bölgələrdə turistlərin sayında artım gözlənilir.

"Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası"nın İdarə Heyətinin sədri, eyni zamanda "Azərbaycan Ekoturizm Assosiasiyası"nın İcraçı direktoru Samir Dübəndi İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, bayram günləri qeyri-iş günləri olduğundan vətəndaşlar öz istirahətlərini, turizm fəaliyyətlərini daha çox bu günlərə planlayırlar.

O, bu günlərdə bazarda tələbin bir qədər artdığını söyləyib. Mütəxəssis deyir ki, əgər təkliflər tələbləri təmin edə bilmirsə, bu, turizm sahəsində qiymətlərin bir qədər artmasına səbəb olur:

"Bayram ərəfəsində daxili turizmdə canlanma baş verir və iri şəhərlərin, xüsusən də paytaxtın əsas sakinləri regionlara üz tuturlar. Bu halda regional səviyyədə turizm fəaliyyətləri canlanır, hotellər, restoranlar dolur, bələdçilərin, eləcə də nəqliyyatın işi çoxalır və s. Nəticədə qiymətlər müəyyən qədər bahalaşır. Digər tərəfdən imkanı olan vətəndaşlar xaricə üz tuturlar. Məsələn, Türkiyə, BƏƏ, Rusiya kimi ənənəvi istiqamətlərimiz var. Həmçinin bayram ərəfəsində bəzi Avropa ölkələrinə də üz tutanların sayında müəyyən fərqlər müşahidə edilir".

S.Dübəndi lakin mövcud viza problemlərinin isə xaricə gedənlərin sayına təsirsiz ötüşmədiyini söyləyib. O, pandemiyadan öncə aviaşirkətlərlərin uçuşlarının qiymətinin endiyini xatırlatsa da, lakin hazırda bir qədər bahalaşma müşahidə edildiyini vurğulayıb. Mütəxəssis bildirib ki, bahalaşma da, sözsüz ki, xaricə gedənlərin sayına təsir göstərir.

S.Dübəndi ara-sıra sosial şəbəkələrdə vətəndaşların regionlarda qiymətlərin baha, keyfiyyətin aşağı olması ilə bağlı şikayətlərindən də danışıb: "Şikayətlərin nədən qaynaqlanmasına diqqət etsək görərik ki, onlar 4-5 ulduzlu, turizm, mehmanxana kompleksləri adlanan, yəni geniş infrastrukturu olan hansısa müəssisələrə üz tutmağa çalışırlar. Lakin onlar yüksək dərəcəli obyektlərin təbii olaraq da özlərinə xas olan qiymət siyasətinə diqqət etməyi unudurlar. Yəni 5 ulduzlu hotelin öz qiyməti var. Biz həmin hotellərə üz tutanda düşünməməliyik ki, orada qiymət 2-3 ulduzlu hotelin qiyməti ilə eyni səviyyədə olacaq. Digər tərəfdən hər şeyi sonraya saxlamaq kimi xasiyyətimiz var. Bu cəhətdən təbii ki, ajiotaj olan günlərdə tələb artır, təkliflər azalır və bazarda qalan hansısa mövcud hotel otaqlarının qiyməti bir qədər artırılaraq satılır. Bu, birmənalı iqtisadiyyatın qanunudur və burada qəbahət yoxdur".

Regionlarda turizm şirkətləri və turagentlərin yox dərəcəsində olduğunu deyən ekspert bildirib ki, buna görə də bütün xərclər Bakı şəhərinə bağlıdır: "Bu isə yekunda turların qiymətinin bir qədər bahalaşmasına gətirib çıxarır. Hesab edirəm ki, regionlarda turagentlərin yaradılması üzərində çalışsaq, bu, həm vətəndaşlarımıza, həm də ölkəyə gələn turistlərə haradasa yardımçı olar. Həmin regionların turizm potensialının artırılmasında böyük köməklik edə bilər".

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında Azərbaycana dünyanın 152 ölkəsindən 165,8 min və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 39,3 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 2023-cü ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 25,1 % artaraq 61,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,5 dəfə artaraq 4,7 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 35,1 min nəfər olub.

Sadiq Cavadov