“Kolbasaların mənşəyi məlum olmalıdır və normativlərə uyğun olan, mikrobioloji çirklənməyə məruz qalmayan ətdən hazırlanmalıdır. Bu ətlərin daşınması, saxlanılması və emal prosesinin tez bir zamanda yekunlaşması lazımdır. Kolbasanın tərkibinə vurulan qatqılar normativləri aşmamaq şərtilə vurulmalıdır. Normativlər gözlənmədiyi halda, qida və kimyəvi zəhərlənmələrə gətirib çıxara bilər”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında qida texnoloqu Ağa Salamov deyib. Mütəxəssis bildirib ki, istehsalatla məşğul olan şirkətlər minlərlə insanı zəhərləyə bilərlər:

"İşbazlar leş ətlərdən də istifadə edə bilərlər, toyuq ətini tullantıları təmizləmədən, farş formasına salıb, üyüdüb kolbasa hazırlayırlar. Bu da ola bilər. AQTA-nın monitorinqində də qeyd edilib ki, bəzi məhsullarda mal əti aşkarlanmayıb, bu nə deməkdir? Bu o deməkdir ki, başqa bir məhsulu qırmızı rəngdə rəngləyib kolbasa kimi satışa çıxarıblar. Bunların arasında mal əti adı ilə satılan kolbasalar var ki, tərkibinə donuz əti qatılır. Bu da müsəlmanları ələ salmaqdı, halala haram qatmaqdır. İstehlakçıların aldadılmasıdır”.

 

 

Ağa Salamov son olaraq qeyd edib ki, bu cür sahibkarların cəzalandırılmasının bir yolu var, o da onların sahibkarlıq hüquqlarının əllərindən alınmasıdır ki, birdə bu işlə məşğul olmasınlar, qara siyahıya alınsınlar. Bu cür hallara AQTA-nın diqqətlə yanaşması sevindiricidir.

Cavidan Mirzəzadə / İqtisadiyyat.az