"Yaxın zaman ərzində tikinti materiallarının qiyməti artacaq".
Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti, iqtisadçı-ekspert Vüqar Oruc deyib.
Onun sözlərinə görə, inşaat bazarındakı vəziyyət bu il ərzində aparılacaq inşaat işlərinə bağlı olacaq.
Mövsümi olaraq qış aylarında bazarda alıcılıq imkanlarının məhdudlaşdığını söyləyən iqtisadçı bildirib ki, bu isə qiymətlərə və bazardakı artım dinamikasına təsirsiz ötüşmür: "Bütün hallarda əvvəlki illərlə müqayisədə inşaat bazarında qiymətlərdə müəyyən ucuzlaşma müşahidə olunur. Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycana inşatta materiallarının idxal olunmasında müəyyən problemlər yarandı. Həmin ərəfədə qiymətlər fantastik səviyyədə yüksəlsə də, sonrakı dövrdə qiymətlər stabil olub. Ötən il ölkəmizin yerli istehsal potensialının yüksəlməsi, tikinti materiallarının gətirilməsində mövcud olan problemlərin qismən aradan qaldırılması fonunda qiymətlərdə ucuzlaşmaya səbəb olub".
Ölkəmizə idxal olunan inşaat materiallarına gəlincə, ekspert bunun müxtəlif istiqamətlər üzrə həyata keçirildiyini vurğulayıb. O söyləyib ki, tikinti materialları xüsusən də Türkiyə, Çin, Rusiya və İran bazarından idxal olunur: "Həmin məhsullar hazırda yerli istehsal olunan mallarla rəqabət səviyyəsindədir. Müəyyən müddətdən sonra ölkə bazarında yerli istehsalın daha üstün olacağı gözlənilir. Yerli bazardan daha çox sement, daş və qum alınır. Ona görə də yerli bazarın satış həcmi artmaqdadır. Bununla yanaşı işğaldan azad olunmuş ərazilərimizdə infrastrukturun bərpası inşaat materiallarına tələbata yol açır. Bu baxımdan investisiya artımı, eləcə də sözügedən ərazilərdəki inşaat, təmir, tikinti və bərpa işlərinin aparılması inşaat materiallarına olan tələbatı qüvvədə saxlayacaq".
"Bu il qış ayları bitəndən sonra bazarda yeni canlanmanın olacağı gözlənilir. Belə olan halda tikinti materiallarına tələbat artacaq. Nəzərə almaq lazımdır ki, beynəlxalq maliyyə böhranından sonra bütün ölkələrdə baş verən inflyasiya və yerli hökumətlərin inflyasiya ilə mübarizə aparması prosesi müşahidə olunur. İnflyasiya manatın alıcılıq qabiliyyətinə də təsir göstərir. 2024-cü ildəki manat 2023-cü ildəki manat olmayacaq. Ona görə də qiymətlərin artımı baş verə bilər. Bu il pensiya, müavinətlər və əmək haqqlarında müəyyən artımlar baş verib. Bu artımlar müxtəlif sferalar ilə yanaşı, tikinti materialları bazarına da öz təsirini göstərəcək. Lakin bu artım fantastik səviyyədə olmayacaq" - iqtisadçı qeyd edib.
Gülşən Şərif