İqtisadiyyat.az-ın məlumatına görə, Tərtər Rayon Subartezian Quyularının İstismarı İdarəsinin balansında olan 495 ədəd subartezian quyusu vasitəsilə rayonun 15 min hektardan çox əkin sahəsi suvarma suyu ilə təmin edilir. Son 5 ildə rayon əhalisinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 80 ədəd yeni subartezian quyusu qazılaraq istifadəyə verilib.

Prezident İlham Əliyevin 2018-ci il martın 12-də imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamlarına əsasən, ötən il Tərtər şəhəri, İlxıçılar, Qazyan, Ələsgərli, Yuxarı Sarıcalı, Sarıcalı, Seydimli, Bala Kəngərli, Dəmirçilər, Borsunlu, Bəyimsarov, Kəbirli və Qaraağacı kəndlərində, ümumilikdə, 13 ədəd yeni subartezian quyusu qazılıb. Bu quyuların istifadəyə verilməsi ilə rayonun 450 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilib. Dövlət başçısının 2019-cu il 12 fevral tarixli Sərəncamı ilə bu il rayonun Tərtər şəhəri, Kəngərli, Bala Kəngərli, Kəbirli, Xoruzlu, Borsunlu, Hacıqərvənd, Çaylı, Düyərli, Bayandur, Qaraağacı, Evoğlu kəndlərində daha 13 subartezian quyusu qazılacaq. Subartezian quyularının qazılmasının bir neçə aya başa çatdırılması nəzərdə tutulur. Yeni subartezian quyuları ilə rayonun 450 hektar əkin sahəsi suvarılacaq.