“Havaların isti keçməsi Bərdədə sahələrdən soğanın yığımına mənfi təsir göstərmişdi. Fermerlərin dili ilə desək, kəskin istilər həm soğanı “bişirir”, həm də yığım üçün sərf olunan iş saatını azaldır”.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Hüseynov öz feysbuk profilində açıqlama bildirib.

V.Hüseynov qeyd edib ki, hər iki amil qısa müddət də olsa, qiymətlərə təsirini göstərmişdi:

“Amma bu qısa müddətlik idi. Artıq ölkənin əsas soğançılıq bölgələrindən sayılan Beyləqan və Ağdamda baş soğanın kütləvi yığımına başlanıb. Hazırda Ağdamda sahədə soğanın bir kisəsi (33-34 kiloqram) 12 manata, Beyləqanda isə 10 manata təklif olunur. Fermerlər yaxın günlərdə qiymətlərin 5-7 manatadək enəcəyini proqnozlaşdırırlar. Qiymətlərin bu səviyyədən də aşağı enəcəyi istisna olunmur. Çünki məhsul ötən illərə nisbətən daha çoxdur. Bazarda təklifin artması, məhsulun bolluğu soğanın pərakəndə satış qiymətini də getdikcə ucuzlaşdırır». 

Nazirlik rəsmisi qeyd edib ki, Bərdə, Ağdam və Beyləqandan olan fermerlərlə söhbətdən çıxan nəticəyə görə, prosesin əvvəlində fermer, sonunda istehlakçı qazanır:

“Artıq istehlakçının, yəni alıcının qazanmağa başladığı mərhələdir. Yeni mövsümün yeni məhsulu həm fermerlər, həm alıcılar üçün xeyirli-uğurlu olsun”.