Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Masallı rayonunda “Kənd yerlərində qadın hüquqlarının qorunması” layihəsinin növbəti tədbiri keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Nərgiz Muxtarova layihənin donoru və məqsədləri haqqında iştirakçıları məlumatlandırıb. 

O bildirib ki, layihə çərçivəsində rayonun 5 fərqli ərazisində qadınların hüquqları ilə bağlı maarifləndirmə tədbirləri həyata keçirilir. 

Artıq Şərəfə və Mahmudavar kəndlərində icra olunan layihə, bu dəfə Masallı şəhərində keçirilib.

Növbəti seminarlar Ərkivan və Hişkədərə ərazilərində təşkil ediləcəkdir. 

Layihənin eksperti Afiq Məlikov çıxış edərək ölkəmizdə qadınların hüquqi öhdəlikləri, kənd yerlərində gender stereotipləri, gender bərabərliyi, gender təhsili, qadın və kişilərin hüquqları ilə bağlı qanunvericiliyi iştirakçıların diqqətinə çatdırıbdır. 

Seminarda iştirakçılarla fikir mübadiləsi aparılıb və təkliflər dinlənilibdir. 

Seminarda iştirak edənlərə sonda sertifikatlar təqdim edilibdir.