Azərbaycanda bazar subyektləri arasında rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması halları müəyyən edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Qanunda öz əksini tapıb.

Sənədə əsasən, rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması dedikdə aşağıdakılar nəzərdə tutulur:

- ardıcıl 12 ay ərzində istənilən dövr aralığında müvafiq bazarın şəxslər qrupuna daxil olmayan subyektlərinin sayının 10 % və daha çox azalmasına səbəb olan hərəkətlərə (hərəkətsizliyə) yol verilməsi;

- ardıcıl 12 ay ərzində istənilən dövr aralığında hökmran mövqedə olmayan təsərrüfat subyektlərinin birgə bazar payının 50 % və daha çox azalmasına səbəb olan hərəkətlərə (hərəkətsizliyə) yol verilməsi;

- digər təsərrüfat subyektlərinin müvafiq bazara daxil olmasının qarşısının alınması;

- müvafiq bazarda təsərrüfat subyektlərinin bazar paylarının 90 %-nin 6 aydan çox olan müddətdə dəyişməz qalmasına gətirib çıxaran hərəkətlərə yol verilməsi.