İsveçin baş naziri Ulf Kristersson ifrat sağçı siyasətçi Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Quran-ı Kərimi yandırdıqdan sonra verdiyi açıqlamada "Bir çoxları üçün müqəddəs olan kitabları yandırmaq son dərəcə hörmətsizlikdir" deyib. 

İqtisadiyyat.az xəbər verir ki, Paludanın hərəkətindən sonra Türkiyənin Stokholm səfirliyindən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:

“Ölkəmizin bütün xəbərdarlıqlarına baxmayaraq, bu gün (21 yanvar) İsveçdə müqəddəs kitabımız Qurani-Kərimə qarşı törədilən iyrənc hücumu ən kəskin şəkildə pisləyirik. Müsəlmanları hədəf alan və müqəddəs dəyərlərimizi təhqir edən bu anti-islam təxribat xarakterli hərəkətə ifadə azadlığı adı altında icazə verilməsini heç bir şəkildə qəbul etmirik. Çünki bu, nifrət cinayətidir. Bu alçaq hərəkət həm də Avropada islamofobiya, irqçilik və ayrı-seçkilik cərəyanlarının həddi-büluğa çatdığının daha bir göstəricisidir. İsveç hakimiyyətini bu nifrət cinayətini törədənlərə qarşı lazımi tədbirlər görməyə və islamofobiyaya qarşı bütün ölkələr və beynəlxalq təşkilatlarla həmrəy olaraq konkret tədbirlər görməyə çağırırıq”.